Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edir
Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söylədi.
Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni çıxış etdilər.
BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə baş katibi Xose Qraziano da Silvanın müraciətini Kabinet rəhbəri Mario Lubetkin oxudu.
Sonra qısa fasilə elan edildi.
Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.
Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçiriləcək.