YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib

Avqustun 10-da Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü keçirilib.

Rusiya dövlətinin başçısı Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərini salamlayaraq qeyd edib ki, bizim həm Ermənistan Prezidenti, həm də Azərbaycan Prezidenti ilə ikitərəfli münasibətlər barədə söhbət etmək imkanımız oldu: “Axşam qeyri-formal şəraitdə də görüşdük. Düzdür, şükür Tanrıya ki, dünən axşam biz işgüzar xarakterli məsələlərə toxunmadıq. Bununla belə, bir-birimizlə müxtəlif mövzularda söhbət etməyə imkan oldu. Mənim fikrimcə bu, regional tənzimləmə ilə bağlı ən mürəkkəb, ağır məsələlər barədə səmimi söhbət etmək üçün müəyyən şərait yaradır.

Təbii ki, bu problemlərin həllinin, Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq formatları mövcuddur. Şübhəsiz ki, biz bütün bu beynəlxalq formatlara hörmətlə yanaşırıq və həmkarlarımızla işləməkdə davam edəcəyik.

Lakin hər halda bizim xüsusi, daha yaxın münasibətlərimizin mövcud olmasını nəzərə alsaq dərin tarixi keçmişimiz bizim harada olmağımız və keçmişdən bizə miras qalmış bütün bu problemlərin nizamlanmasında irəliləmək üçün nə etmək lazım olması barədə səmimi fikir mübadiləsi aparmağa imkan verir. Hər halda mənə elə gəlir ki, bu, faydalıdır. İstənilən halda faydalıdır. Bu gün sizinlə görüşmək və bütün bu mövzular barədə söhbət etmək imkanına görə çox şadam”.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, müzakirə etdiyimiz kimi, bu məsələ öz həllini tələb edir: “O, həddən artıq uzandı. Ümidvaram ki, bu prosesdə Sizin şəxsən iştirak etməyiniz danışıqlar prosesinə yeni təkan verəcəkdir.

Qeyd etdiyiniz kimi, danışıqların formatı artıq mövcuddur, münaqişənin tənzimlənməsi üçün hüquqi baza da vardır. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çox keçib, amma həmin qətnamələr hələ də kağız üzərində qalıb.

Minsk qrupu həmsədrlərin şəxsində işləyir, tərəfləri yaxınlaşdırmağa cəhd göstərir, lakin bu, o qədər də yaxşı alınmır. Buna görə düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, tənzimləmə prosesində əlbəttə, xüsusi rol oynayır. Ümid edirik ki, biz ən yaxın vaxtda danışıqlar yolu ilə, sülh yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həlli tapacağıq.”

Rusiya Prezidenti Vladimir Putin:

“Məmnuniyyətlə bildirirəm ki, Azərbaycan Prezidenti də problemin sülh yolu ilə həll edilməsinin zəruriliyinə diqqət yetirdi. Bu, həqiqətən ən başlıca məsələdir.”

Vladimir Putin qeyd etdi ki, çünki insanların həlak olmasından daha böyük faciə yoxdur:

“Hər halda bunu nəzərə almaq lazımdır ki, münaqişəli vəziyyət çoxdan yaranıb, bizə keçmişdən, deyə bilərik və demək lazımdır ki, Sovet İttifaqının mirası kimi qalıb. Biz bu məsələnin həllini tapmaq üçün səbir, müdriklik, bir-birimizə hörmət nümayiş etdirməliyik.

Şübhəsiz, xoş məram varsa hər hansı mürəkkəb vəziyyət tənzimlənə bilər. Mənə elə gəlir ki, Azərbaycan xalqı tərəfindən, erməni xalqı tərəfindən bu cür xoş məram mövcuddur. Gəlin, bu tərkibdə söhbət edək, sonra isə həmkarlarımızla bərabər bir qədər də oturub məsləhətləşək.”