Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub
Avqustun 9-da Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
Görüşdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlətinin başçısını salamlayaraq qeyd edib ki, bizim xeyli ikitərəfli və regional məsələlərimiz var: “Şükür Tanrıya ki, münasibətlərimiz inkişaf edir, özü də yüksələn xətt üzrə. Biz öz səviyyəmizdə, hökumətlər səviyyəsində müntəzəm əlaqə saxlayırıq. İqtisadi, humanitar əlaqələr inkişaf edir, bəzi başqa istiqamətlər üzrə də əvvəllər görünməmiş dərəcədə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, bu bizim ikitərəfli əlaqələrimizdə daim möhkəmlənən etimad elementidir. Biz buna çox şadıq. Yəqin ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı köhnə, ağrılı problemlər barədə də söhbət edəcəyik. Bir sözlə, Sizi görməyə çox şadıq. Xoş gəlmisiniz.”
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə Rusiyaya yenidən səfər etməkdən məmnun olduğunu bildirib və qeyd edib ki, bizim münasibətlərin çox pozitiv dinamikası – çoxillik, davamlı inkişaf dinamikası müşahidə edilir: “Biz bunu çox yüksək qiymətləndirir və Rusiyanı beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri hesab edirik. Əməkdaşlığımız çox sahələri əhatə edir – həm qarşılıqlı siyasi fəaliyyət sahəsində, həm də iqtisadi sahədə yaxşı nəticələr müşahidə olunur. Əmtəə dövriyyəsi artır. Bu göstərici keçən il də artıb, bu il də artım görürük. Struktur yaxşılaşır. Artıq sanballı həcmdə qarşılıqlı sərmayələr qoyulur. Təbii ki, bu, bizim münasibətlərə yeni dinamika verir. Sizin keçənilki çox uğurlu səfərinizi Azərbaycanda çox səmimi xatırlayırıq. Düşünürəm ki, bu səfər bizim münasibətlərin inkişafına ciddi təkan verib.
Biz əməkdaşlıq potensialını qətiyyətlə artırmaq əzmindəyik.
Əlbəttə ki, regional təhlükəsizlik və regionumuzda sabitlik məsələləri daim gündəlikdədir. Biz, əlbəttə, həddən artıq uzanmış və öz həllini tələb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə edəcəyik.
Dəvətə və qonaqpərvərliyə görə bir daha sağ olun.”