YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad və abad Laçın: milli birlik və həmrəyliyin təcəssümü

Zahir Qəhrəmanov

YAP Şirvan şəhər təşkilatının sədri

Tarixin elə taleyüklü anları və coğrafi məkanları var ki, onlar bir xalqın sınmaz ruhunu, milli qürurunu və yenilməz dövlətçilik iradəsini özündə təcəssüm etdirir. Şərqi Zəngəzurun füsunkar incisi, əzəmətli dağların qoynunda qərar tutan Laçın şəhəri və onun adını daşıyan qəhrəman diyar məhz belə bir tarixi missiyanın daşıyıcısıdır. Avqustun 26-sı təqvimlərimizə sadəcə bir gün kimi deyil, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi, Müzəffər Ordumuzun rəşadəti və xalqımızın birliyi sayəsində bərpa olunan suverenliyimizin və tarixi ədalətin təntənəsi kimi həkk olunub.

Laçının tarixi neçə-neçə əsrə dayanan zəngin mədəniyyət salnaməsi olsa da, yaxın keçmişi bir o qədər sınaqlı və ağrılı olmuşdur. Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş qaldıran siyasi hərc-mərclik, hakimiyyət hərisliyi və naşı rəhbərliyin xəyanətkar xətti nəticəsində 1992-ci il mayın 18-də Laçının işğala məruz qalması Qarabağ və ətraf bölgələrimizin itirilməsində faciəvi bir dönüm nöqtəsinə çevrildi. Bu strateji qapının bağlanması ilə düşmən coğrafi əlaqə yaradaraq torpaqlarımızı talan etdi, minlərlə soydaşımız doğma ocaqlarından didərgin düşdü, zəngin meşələrimiz, təbii resurslarımız və qədim abidələrimiz vandalizmə məruz qaldı. Beynəlxalq hüququn bütün normalarını tapdalayan Ermənistan Suriyadan və digər ölkələrdən gətirdiyi erməniləri burada qeyri-qanuni məskunlaşdırmaqla demoqrafik tərkibi saxtalaşdırmağa cəhd göstərdi.

Lakin unudulmuşdu ki, bu ədalətsizlik əbədi sürə bilməzdi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və Müzəffər Ali Baş Komandanın diplomatik ustalığı Laçın rayonunu tək bir güllə atmadan, hərbi-siyasi yolla Azərbaycana qaytardı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam olaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi və şanlı bayrağımız doğma səmada ucaldıldı. Dövlətimizin başçısının sərəncamları ilə bu azadlıq döyüşlərində igidlik göstərmiş 8 418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi zəfərimizə verilən yüksək ehtiramın göstəricisidir.

Bu gün Laçın tamamilə yeni, füsunkar bir dirçəliş dövrünü yaşayır. Dövlət başçımızın azad olunmuş torpaqlara hər bir səfəri bu diyara yeni həyat və nəfəs bəxş edir.

2021-ci il fevralın 14-də Güləbird kəndində bayrağımızın ucaldılması və Su Elektrik Stansiyasının açılışı ilə azad Laçında böyük quruculuq erası başladı. Avqustun 16-da isə bölgənin gələcək nəqliyyat qapısı olacaq Laçın Beynəlxalq Hava Limanının təməli qoyuldu. 2022-ci ilin iyun və sentyabr səfərləri zamanı Kəlbəcər–Laçın avtomobil yolunun, mürəkkəb dağ tunellərinin, “Qorçu” yarımstansiyasının və “Həkəriçay” su anbarı layihəsinin gedişatı yerində araşdırıldı. Laçın şəhərində bayrağımız ucaldıldı və “Laçın” qovşaq yarımstansiyasının təməli atıldı.

2023-cü il mayın 28-də Laçın şəhərinin Baş planı təqdim olundu və doğma yurduna dönən ilk sakinlərlə duyğusal görüş keçirildi. Avqust ayında isə “Mişni” və “Alxaslı” KSES-lərin, mebel fabrikinin, “Hoçazfilm” studiyasının, balıq təsərrüfatının, eləcə də əsaslı təmirdən çıxan məktəbin açılışı oldu. Zabux kəndində işlərlə tanışlıqdan sonra Bayraq Meydanında və Mənzərəli terrasda “Laçın Şəhəri Günü” təntənə ilə qeyd edildi.

2024-cü ilin mayında Sus kəndində sakinlərlə görüş keçirildi, “Zabux” və “Qarıqışlaq” KSES-lər açıldı. 2025-ci il mayın 27–28-də isə Laçında əsl bayram əhvalı yaşandı: “LATIFA” tikiş və “PIRSHAGHI” ayaqqabı fabrikası filialları, Rəqəmsal İdarəetmə Mərkəzi, “Aşağı Malıbəyli” və “Mirik” SES-lər, “Laçın” İstirahət Kompleksi istifadəyə verildi, kanat yolunun təməli qoyuldu. Bəylik kəndində sakinlərlə görüşüb evlərin açarları təqdim edildi. Ən möhtəşəm an isə dəniz səviyyəsindən ən hündürdə yerləşən Laçın Beynəlxalq Hava Limanının açılışı və Azərbaycan, Türkiyə prezidentləri ilə Pakistanın Baş nazirinin Laçında keçirilən üçtərəfli Zirvə görüşü oldu.

2026-cı ilin iyulunda Hoçaz çayı üzərindəki SES-lərin onlayn açılışı və strateji “Həkəriçay” su anbarının təməlqoyma mərasimi Laçının dayanıqlı gələcəyə doğru inamla irəlilədiyini bir daha sübut etdi.

Təsadüfi deyil ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuş və həmin ilin iyununda burada rəsmi açılış mərasimi keçirilmişdir. Şəhərdə tətbiq edilən “15 dəqiqəlik şəhər” konsepti, müasir sənaye zonaları, ekoloji təmiz “yaşıl enerji” şəbəkəsi Laçını Şərqi Zəngəzurun parlaq ulduzuna çevirir.

26 Avqust – Laçın Şəhəri Günü qalibiyyətimizin, sarsılmaz milli birliyimizin və suveren Azərbaycanın işıqlı gələcəyinin təcəssümüdür. Laçın azaddır, abadlaşır və əbədi olaraq doğma sahibləri ilə birgə yaşayacaqdır.