YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bu gün təmas xəttində vəziyyət tam nəzarət altındadır

Bu gün təmas xəttində vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib.

Bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, əsgər, gizir və zabitlərimiz Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik.
Son vaxtlar Azərbaycanda müasir silah və texnikanın istehsal edildiyini, alınan avadanlıq, texnika, silah-sursatın ən müasir standartlara cavab verdiyini diqqətə çatdıran Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı ordumuzda ən güclü artilleriya qurğularının olduğu vurğulayıb: “Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər”.