YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı qurbanlarının xatirəsi ABŞ-ın Boston şəhərində anılıb

Fevralın 25-də Azərbaycanın ABŞ-dakı səfirliyinin yaxından dəstəyi ilə Boston şəhərində Xocalı qətliamının 25-ci ildönümünə həsr olunmuş toplantı təşkil edilib. Toplantıya Azərbaycan və Türk icmalarının təmsilçiləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri qatılıblar. İştirakçılar arasında Türkiyənin Bostondakı baş konsulu Ömür Budak da olub.

Əvvəlcə Harvard Universitetinin Kennedi adına Hökumət Məktəbində təhsil alan Fəxrəddin İsmayılov toplantı iştirakçılarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda ölkəmizin üzləşdiyi təcavüz və işğal haqqında məlumat verib. Bu kontekstdə erməni hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bəşəriyyət əleyhinə cinayət olan Xocalı qətliamından söz açıb. Xocalı sakinlərinin məruz qaldıqları iztirablar iştirakçıların diqqətinə çatdırılıb, dinc azərbaycanlılara qarşı soyqırımı olan bu dəhşətli faciənin 25 il sonra hələ də beynəlxalq səviyyədə öz ədalətli mühakiməsini gözlədiyi qeyd edilib. Azərbaycanın bu istiqamətdə apardığı ədalətli mübarizəyə göstərilə biləcək hər bir dəstəyin böyük önəm daşıdığı vurğulanıb.

Sonra tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən Türkiyənin Bostondakı baş konsulu Ömür Budak Azərbaycan xalqına qarşı Xocalıda xüsusi qəddarlıqla həyata keçirilmiş vəhşilikləri xatırladıb və bu əməlləri qətiyyətlə qınayıb. Diplomat xalqımızın ağrılarına şərik çıxdığını və kədərimizi bölüşdüyünü bildirib. O, ölkəsinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” devizinin ruhuna sadiq olaraq, haqq mübarizəmizdə hər zaman xalqımızın yanında olduğunu bəyan edib. Baş konsul Azərbaycan torpaqlarının işğalına dərhal son qoyulmasının və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin vacibliyini barədə də danışıb.

Çıxışlardan sonra Xocalı qətliamından bəhs edən “Sonsuz Dəhliz” (“Endless corridor”) filmi nümayiş etdirilib. Film böyük maraqla qarşılanıb.

Sözügedən filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirləri keçirən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

Tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.