Xəbərlər
Novruz Məmmədov: Mehriban Əliyeva uzun illərdir Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür
"Mehriban xanım uzun illərdir Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir, böyük uğurlar və nailiyyətlər qazanıb".
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzu: itki və tələfatlar" mövzusunda beynəlxalq konfrans və İşçi qrupu tərəfindən hazırlanmış növbəti hesabatın təqdimatından öncə jurnalistlərə deyib.
N.Məmmədov bildirib ki, ümumiyyətlə, ötən il referendumdan sonra Azərbaycanda Birinci vitse-prezident postunun yaradılacağı məlum olanda, demək olar, ölkədə hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü:
"Bu da artıq Mehriban xanım Əliyevanın bu illər ərzində özünün qazandığı nüfuzdur. Həm ölkə daxilində, həm də ölkə xaricində bu gün Mehriban xanımın Azərbaycan dövlətçiliyi, maraqların qorunması, təbliği istiqamətində çox böyük yeri və nüfuzu var. Bu, Azərbaycanın indiki dövrdə sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində böyük kömək olacaq. Mehriban xanım öz yorulmaz fəaliyyəti və bacarığı ilə Azərbaycan dövlətçiliyinin çox mühüm istiqamətlərində əlindən gələni edəcək, yeni uğur və nailiyyətlərə imza atacaq".