Xəbərlər
Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin çıxışı beynəlxalq musiqi festivalına yeni rəng qatmışdır
Son günlər dünyanın müxtəlif ölkələrindən görkəmli sənət adamları, klassik musiqi həvəskarları Qəbələyə axışır. Buna səbəb isə dağlar qoynunda yerləşən bu şəhərdə füsunkar təbiətlə klassik musiqinin vəhdətidir. Bir sözlə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gözəl təbiət qoynunda keçirilən beynəlxalq musiqi festivalı tamaşaçılara bir-birindən gözəl konsertlər təqdim etməkdə davam edir.
İyulun 24-də festivalın proqramına uyğun olaraq Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestri açıq səhnədə tamaşaçılara növbəti konsert proqramını təqdim edib.
Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə baş tutan konsertdə orkestrin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.
Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Cəfərova, bir sıra nüfuzlu beynəlxalq müsabiqələr laureatı Murad Abbasov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Gənclər Kamera orkestrinin konsertmeysteri, skripka ifaçısı Ümidə Abbasova çıxış ediblər.
Orkestrin müşayiəti ilə musiqiçilər Arif Məlikovun, Musa Mirzəyevin, Arif Mirzəyevin, Leyla Qafarzadənin, Lalə Cəfərovanın əsərlərini ifa edərək gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapdılar.