YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkmənistan: dostluq münasibətlərindən strateji əməkdaşlığa

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də ölkəmizə dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Türkmənistan münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyan mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Dövlət başçısının səsləndirdiyi fikirlər iki qardaş ölkə arasında münasibətlərin yalnız tarixi və mədəni bağlara deyil, eyni zamanda qarşılıqlı etimada, strateji maraqlara və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslandığını bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. İki ölkənin ortaq tarixi kökləri, dil və mədəni yaxınlığı bu münasibətlərin möhkəm təməlini təşkil edir. Son illər ərzində siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.

Dövlət başçısının bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı idi. Azərbaycan və Türkmənistan Xəzər hövzəsinin mühüm dövlətləri kimi enerji, nəqliyyat və logistika sahələrində böyük potensiala malikdirlər. Son illərdə Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Bakı ilə Aşqabad arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional və beynəlxalq əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Avrasiya məkanında yükdaşımaların və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir.

Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Türkmənistanın nümayiş etdirdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi. Xüsusilə Füzuli şəhərində məscid tikintisi təşəbbüsünün dostluq münasibətlərinin parlaq nümunəsi olduğunu qeyd etdi. Bu addım Türkmənistan xalqının Azərbaycan xalqına olan səmimi münasibətinin və həmrəyliyinin göstəricisidir.

Mətbuata bəyanat zamanı səsləndirilən fikirlər onu deməyə əsas verir ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Hər iki ölkə regional sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətində oxşar mövqedən çıxış edir. Bu isə tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə əminlik yaradır.

Bu gün Azərbaycan–Türkmənistan münasibətləri ortaq tarix və mədəniyyətə söykənən ənənəvi dostluq çərçivəsini aşaraq strateji məzmun qazanmaqdadır. Prezident İlham Əliyevin bəyanatında əksini tapan əsas mesajlardan biri də məhz budur: qardaş xalqların birliyi, dövlətlərin qarşılıqlı etimadı və siyasi iradəsi gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Şübhəsiz ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılan müzakirələr iki ölkə arasında əlaqələrin daha da inkişafına yeni impuls verəcək, Azərbaycan–Türkmənistan strateji tərəfdaşlığını daha yüksək səviyyəyə qaldıracaqdır.

DİGƏR Xəbərlər Arxiv