Xəbərlər
Kamal Abdullayev: Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir
«Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir». Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev deyib.
K.Abdullayev bildirib ki, Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Onun fikrincə, Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü.
«Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daima ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir. Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir»- deyə, K.Abdullayev vurğulayıb.