YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaur Əliyev: İcbari tibbi sığortanın tətbiqi, səhiyyənin maliyyələşdirilmə sisteminin təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən islahatların məntiqi davamıdır

«İcbari tibbi sığortanın tətbiqi, səhiyyənin maliyyələşdirilmə sisteminin təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən islahatların məntiqi davamıdır. Prezident İlham Əliyev bu məqsədlə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı Fərman imzalayıb». Bu fikirləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z.Əliyev bildirib ki, bu Fərmana uyğun olaraq, icbari tibbi sığortanın pilot qaydada tətbiqinə başlanılıb. Onun sözlərinə görə, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

«Dövlət agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarının qurulmasını təmin edəcək, həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə kapitalını gücləndirəcək. Agentlik səhiyyə sahəsində aparılan islahatların əhalinin sağlamlığının yaxşılaşdırılmasına daha səmərəli şəkildə yönəldilməsini, bunun üçün icbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan vəsaitlərin vahid mənbədə cəmləşməsini və əhalinin tibbi xidmətlərdən istifadə üçün çəkilən xərclərinin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. Sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərəcək yeni maliyyələşmə sistemində dövlət vəsaitləri və icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşməsinin başlıca mənbəyi olacaq. «Aztəminatlı ailələr, əlillər, uşaqlar, tələbələr icbari tibbi sığorta ödənişlərindən azad edilərək dövlətin sosial dəstəyi ilə təmin olunacaqlar. Mövcud resurslardan səmərəli və şəffaf şəkildə istifadə icbari tibbi sığortanın əsas prinsipləridir. Məqsəd tibbi xidmətin keyfiyyətinin daha da stimullaşdırılması, ayrılan dövlət vəsaitinin daha ünvanlı və səmərəli istifadəsinin təmin edilməsidir»- deyə, Z.Əliyev vurğulayıb.