YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində təkcə Azərbaycan cəmiyyətinə deyil, bütün dünyaya yeni yanaşma və düşüncə tərzi gətirib

«Bu gün “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində təkcə Azərbaycan cəmiyyətinə deyil, bütün dünyaya yeni yanaşma və düşüncə tərzi gətirib. “ASAN xidmət”də müxtəlif dövlət orqanları vahid brend altında, qarşılıqlı əməkdaşlıq şəraitində vətəndaşlara yüksək səviyyəli xidmət göstərirlər. Hazırda Azərbaycanda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir». Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, indiyədək 13 milyon vətəndaş “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə edib. Ümumi vətəndaş məmnunluğu isə 98 faiz təşkil edir. Bu məmnunluq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara əhalinin dəstəyinin göstəricisidir. “ASAN xidmət”in təcrübəsi dünyada maraqla qarşılanır və öyrənilir. Ötən il “ASAN xidmət” BMT tərəfindən yüksək mükafata layiq görülüb.

“ASAN xidmət”in korrupsiyaya qarşı mübarizədə uğurlu model olduğunu deyən İ.Kərimov qeyd edib ki, Azərbaycanın bu sahədə uğurlu təcrübəsi tərəfdaşlar üçün də nümunə təşkil edir. «Ötən il Azərbaycan BMT-nin “Elektron hökumət” sorğusunda irəliləyişlərə nail olub. Azərbaycan “Elektron inkişaf indeksi” üzrə 30 pillə irəliləyərək 47-ci yeri tutub. Elektronlaşmanın daha bir uğurlu nümunəsi kimi, “ASAN ödəniş” sistemi yaradılıb. Bu sahədə daha bir yenilik Prezident İlham Əliyevin tapşırığı əsasında mərkəzləşdirilmiş formada “ASAN viza” elektron sisteminin yaradılmasıdır. Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlar bu sistemin sayəsində üç dəqiqə ərzində müraciət edərək üç gün müddətində viza ala bilirlər. Diqqətə çatdırılıb ki, dövlət xidmətlərinin vətəndaşlara şəffaf və rahat şəkildə innovativ üsullarla göstərilməsi davamlı prosesdir. Yaxın vaxtlarda Bakıda “ASAN kommunal” mərkəzlərinin yaradılması nəzərdə tutulur. Digər yenilik isə “ASAN qatar” sisteminin fəaliyyətə başlamasının planlaşdırılmasıdır. Hazırda səyyar avtobuslarla vətəndaşlara göstərilən xidmətlər “ASAN qatar” sistemi vasitəsilə əhaliyə daha rahat üsullarla çatdırılacaq»- deyə, İ.Kərimov vurğulayıb.