YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetinin 23 dekabr 2016-cı il tarixli sayında “Lider və onun ölkəsi” sərlövhəli fundamental məqaləsi dərc olunmuşdur. Mövzunun aktuallığını nəzərə alaraq, həmin məqaləni izləyicilərimizə təqdim edirik.

 

 

 

Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir

Xalqların tarixini və taleyini təyin edən başlıca səbəblər sırasında lider amili həmişə həlledici rol oynayıb. İnkişafın zirvəsinə yüksəlmiş bütün xalqlar tarixin ayrı - ayrı zamanlarında fövqəladə istedadlı liderlərə sahib olmaq xoşbəxtliyindən yetərincə bəhrələnmək şansına minnətdar olmalıdırlar. Bəşəri tərəqqinin bu sınanmış qanunauyğunluğu bütün xalqlara və ölkələrə eyni dərəcədə şamil edilə bilər. Azərbaycan xalqına ayrı-ayrı zamanlarda dahi şəxsiyyətlər olan liderlərin rəhbərlik etməsi onun qismətinə düşən böyük nəsib kimi dəyərləndirilir. XX əsrin 70-ci illərindən başlayan Azərbaycan intibahı və nəhayət, müstəqil Azərbaycan dövlətinin qurulması dahi siyasətçi ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin birbaşa nəticəsidir. XXI əsrin başlanğıcından isə ölkəmizin yeni intibahı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində gerçəkləşməkdədir. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir.

 

İnam, ümid, etimad

2003-cü ildə prezident seçkilərinə qatılan və inamlı qələbə qazanan İlham Əliyevin həyatında ilk ən böyük siyasi uğurunun həlledici səbəbini aşağıdakı trilogiya şəklində ifadə etsək, yəqin ki, səhvə yol vermərik: inam, ümid, etimad. Seçki kampaniyasının həyata keçirilməsində iştirak etdiyimə görə insanların əhvali-ruhiyyəsini yaxından müşahidə edə bilir və seçicilərin, bütünlüklə xalqın İlham Əliyevə inandığını, ümid və etimad hissi ilə yanaşdığını aydın görürdüm. Elə o zamandan etibarən “xalq seçimində heç vaxt yanılmır” deyimi mənim üçün bir daha sınaqdan çıxmış oldu. Daha doğrusu, İlham Əliyev öz genişmiqyaslı və yüksək dərəcədə səmərəli fəaliyyəti ilə bu xalq deyiminin doğruluğuna şübhə yeri qoymadı. 

Xalqın İlham Əliyevə inamı hər şeydən əvvəl, onun Heydər Əliyev siyasətinin ən parlaq və ardıcıl davamçısı olmaq potensialına əsaslanırdı. İnsanlar Heydər Əliyev siyasətinə alternativ görmədiyindən, Heydər Əliyevsiz hakimiyyəti onun siyasətinin ardıcıl surətdə həyata keçirilməsi formasından ayrı şəkildə qəbul etmək istəmirdi. İctimai ovqat ölkənin gələcək taleyini məhz bu şərtlər daxilində qavrayır və həmin səbəbdən də İlham Əliyevə böyük inamla yanaşırdı. Ədalət naminə qeyd etmək lazımdır ki, İlham Əliyevin artıq o zamana qədər formalaşmış gənc və qətiyyətli siyasətçi obrazı da öz növbəsində ona inamı formalaşdıran vacib amillərdən biri kimi nəzərdən keçirilməlidir. 
İlham Əliyevin şəxsiyyətinə, prezident kimi fəaliyyətinin perspektivlərinə inam təbii olaraq insanlarda ümid yaradırdı. İnsanlar İlham Əliyevə inanaraq ümid edir, ümid edərək inanırdılar. Siyasətçinin uğur qazanması baxımından hər iki anlayış müstəsna əhəmiyyət daşıyır. Hesab edirəm ki, 2003-cü ildə İlham Əliyevin prezidentlik kampaniyasının uğurlu gedişi və nəticəsi həm də bu iki fundamental siyasi kapital üzərində qərar tuturdu. Seçicilərin və bütünlükdə xalqın İlham Əliyevə inam və ümidinin məntiqi nəticəsi səsvermə zamanı ona göstərilən böyük etimadda özünü göstərməli idi və göstərdi. Bu etimad İlham Əliyevə həm inamın, həm də ümidin bariz ifadəsi, parlaq təcəssümü idi. 
2003-cü ilin prezident seçkiləri artıq müasir tariximizin 13 illik şərəfli səhifəsini təşkil edir. Tam məsuliyyətlə deyə bilərəm ki, 13 il bundan əvvəl Prezident İlham Əliyevə xalqın nümayiş etdirdiyi inam, ümid və etimad nəinki azalıb, əksinə, daha da güclənib, daha dərindən dərk edilən dəyərlər kimi özünü təsdiq edib. Səbəbləri haqqında mülahizələr yürütməyə başlasaq, yəqin ki, ilk növbədə, Prezident İlham Əliyevin xalqın inamını, ümidini və etimadını ən yüksək səviyyədə doğrultduğunu göstərmək lazım gələr. İndi xalq ona həm ümummilli lider Heydər Əliyevin ən layiqli və ardıcıl varisi, həm də müdrik siyasətçi və dövlət xadimi kimi inanır, ümid edir, etimad göstərir. Azərbaycanın 13 illik şərəfli inkişaf tarixi, ölkəmizin həyatında baş verən fundamental dəyişikliklər Prezidentə bəslənən ümumxalq məhəbbətinin əsasını təşkil edən başlıca səbəblərdir. Onu da vurğulamaq yerinə düşər ki, Prezidentə xalqın inamı və etimadı öz növbəsində onun fəaliyyətinin uğurlarının mənəvi əsasını təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqın dərin etimadı dövlət başçısı kimi onu ruhlandırır, gücünə güc qatır və beləliklə də xalqla iqtidarın birliyi möhtəşəm gücə çevrilərək Azərbaycanı inkişafın zirvələrinə doğru aparır. 2016-cı ilin sentyabr ayının 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən referendum və onun nəticələri dövlət başçısına ölkə əhalisinin böyük inam və etimadının yeni təsdiqi kimi yadda qaldı.

 

Heydər Əliyev ideyalarına sədaqət

Prezident İlham Əliyevin siyasi keyfiyyətlərini, istinad etdiyi dəyərlər sistemini ümumi şəkildə səciyyələndirməli olsaq, vurğulanmalı başlıca cəhət Heydər Əliyev ideyalarına sədaqət hesab edilməlidir. Müasir Azərbaycan siyasətçilərinin böyük çoxluğu yuxarıda qeyd olunan siyasi dəyərləri mənimsəmiş, Heydər Əliyevin ardıcılları kimi özünü təsdiqləmişdir. Bu mənada, Heydər Əliyev ideyalarına sədaqət müasir Azərbaycan dövlətçiliyinə sədaqətin bir növ simvoluna çevrilib. Lakin Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına sədaqəti fərqli məna və mahiyyət parametrlərinə malikdir. İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub, onun nüvəsindən qaynaqlanıb və onu ən saf, tam və bütün şəkildə ifadə etmək üstünlüyünə malikdir. Səbəbi isə sadə və anlaşılandır: İlham Əliyev həm şəxsiyyət, həm də siyasətçi kimi Heydər Əliyev ideyalarının, dünyagörüşünün, siyasi davranış qaydalarının mühitində formalaşıb. Dahi siyasətçi və dövlət adamının siyasi irsinin mahiyyətini və ruhunu onun qədər duya biləcək ikinci kimisə təsəvvür etmək mümkün deyil. 

Qeyd olunanlar Prezident İlham Əliyevi bir yandan ən böyük Heydər Əliyevçi kimi səciyyələndirməyə imkan verir. Eyni zamanda, yeni tarixi şəraitdə, müasir çağırışlar fonunda onun Heydər Əliyev ideyalarına yaradıcı yanaşmaq, onların yeni şəraitdə təkmilləşdirilməsi hüdudlarını dəqiq müəyyənləşdirmək kimi üstünlüklərini təmin edir. 
İlham Əliyev üçün Heydər Əliyev ideyaları, eyni zamanda, onun özünün siyasi baxışları və siyasi fəlsəfəsi ilə eyniyyət təşkil edir, dövlət strategiyası və cari siyasətin işlənib hazırlanmasında, obrazlı şəkildə desək, mayak rolunu oynayır. Prezidentin bu sahədə sistemli ardıcıllıq nümayiş etdirməsi xüsusi vurğulanmağa layiqdir. O, ilk dəfə prezident seçkiləri kampaniyasına qoşulduğu 2003-cü ildən bu günə qədər daim Heydər Əliyev siyasətinə sədaqətini bəyan edib və praktik fəaliyyətində bu sədaqətini təcəssüm etdirib. 
İlham Əliyev Heydər Əliyev siyasətini tam, bitkin sistem kimi qəbul edir və ölkəmizin uğurlarını bilavasitə həmin siyasətin həyata keçirilməsinin birbaşa nəticəsi sayır. Bu ümumi yanaşma həm daxili siyasətə, həm də xarici siyasətə, həm iqtisadi siyasətə, həm də sosial həyatda, mədəniyyət sahəsində, digər sahələrdə həyata keçirilən siyasətə şamil edilir. Heydər Əliyev siyasəti bütün sferaları əhatə etdiyi kimi, başqa sözlə ifadə olunsa, məkan məhdudiyyəti tanımadığı kimi, onun xronoloji çərçivəyə salınması da qeyri-mümkündür. Bu siyasi konsepsiyanın universallığı zaman anlayışına da şamil edilir və təsadüfi deyildir ki, artıq qeyd olunduğu kimi, Prezident İlham Əliyev ölkəmizin bugünkü uğurlarını da, heç şübhəsiz, dahi liderin siyasətinin ardıcıl surətdə həyata keçirilməsi ilə əlaqələndirir. 
Prezident İlham Əliyevin yanaşmasında Heydər Əliyev ideyalarının universal xarakter daşıması onlara yaradıcı yanaşmağı mümkün və zəruri edir. Yeniləşən tarixi şərait, Azərbaycanın dinamik inkişafı, dünya birliyinə surətlə inteqrasiya etməsi, beynəlxalq aləmdə cərəyan edən proseslər və aktual çağırışlar ölkənin inkişaf konsepsiyasına yeni yanaşmaları qaçılmaz etmişdir. Sözügedən həqiqətlərin Prezident İlham Əliyev tərəfindən dərindən dərk və təhlil edilməsi hadisələrə və onların gələcək inkişaf perspektivlərinə münasibətdə yeni, orijinal yanaşmaların zəruriliyini ortaya qoymuş oldu. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Prezident fəlsəfi dərinliyi və siyasi praqmatizmi ilə seçilən Heydər Əliyev ideyalarını yeni tarixi şəraitin tələblərinə uyğun şəkildə müasirləşdirmək və zənginləşdirmək vəzifəsini böyük bacarıqla həyata keçirməyə müyəssər olmuşdur. 
Bu gün tam əminliklə deyə bilərik və deyirik ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Eyni zamanda, həqiqətin etiraf olunmalı digər tərəfi ondan ibarətdir ki, bu ideyalar müasir çağırışlara tam adekvatdır, ölkəmizin müasirləşməsi, modernləşməsi, çağdaş dünyanın inkişaf meyillərinə cavab verir. Azərbaycanın artıq bütün dünyada formalaşmış müasir, dünyəvi, demokratik, tolerant dövlət və cəmiyyət imici bu fikirləri söyləməyə möhkəm təməl yaradıb. Ölkəmizin modernləşmə vüsətinə və tempinə görə dünyada ən qabaqcıl mövqeyə malik olması hamılıqla etiraf olunur. Azərbaycanın tolerantlıq modeli, multikulturalizm mərkəzi kimi bütün dünyada tanınması da artıq heç kimə sirr deyil. Eyni fikirləri çox qısa zaman kəsiyində ölkəmizin beynəlxalq miqyaslı mədəniyyət mərkəzinə, surətlə inkişaf edən idman ölkəsinə çevrilməsi ilə əlaqədar söyləyə bilərik. Azərbaycanın yüksək səviyyəli beynəlxalq siyasi və iqtisadi diskussiyalar arenasına çevrildiyi həqiqətinin getdikcə daha geniş şəkildə etiraf olunduğunu, güman edirəm ki, unutmaq olmaz. Yaxud ən müasir yüksək və dəqiq texnologiyalar sahəsində nailiyyətlər, dərin iqtisadi islahatlar və müasir idarəetmə metodları - bütün bunların hamısı müasir Azərbaycanı səciyyələndirən xüsusiyyətlərdir. Heydər Əliyev Azərbaycanın gələcəyini məhz belə təsəvvür edirdi və onun irs olaraq qoyub getdiyi ideyalar həmin məqsədlərə xidmət göstərir. Ümummilli liderin ideyalarına istinad edən Prezident İlham Əliyev Azərbaycanın onun arzu etdiyi gələcəyini qurdu. İndi isə daha da inkişaf etdirilməsi, daha da müasirləşməsi və modernləşməsi vəzifəsini uğurla həyata keçirir. Mayak rolunu isə həmişə olduğu kimi, Heydər Əliyev ideyaları oynayır.

 

Yeni baxış: islahatların birinci mərhələsi

Ümummilli lider Heydər Əliyevin prezidentliyinin 10 ili Azərbaycanın həyatında fundamental dəyişikliklərlə tariximizə daxil olmuşdur. Siyasi və iqtisadi sabitliyin təmin olunması, xaos, anarxiya, separatizm, insan haqlarının mütəmadi surətdə pozulması kimi halların birdəfəlik aradan qaldırılması sistemli şəkildə yeni, müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməyə zəmanət verdi. Dahi dövlət xadimi Heydər Əliyev müdrikliyindən qaynaqlanan siyasi islahatlar həyata keçirildi, müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, liberal iqtisadiyyatın əsaslarını yaratmağa hədəflənmiş islahatlar gerçəkləşdirildi. İqtisadiyyatın inkişafının nüvəsi kimi Heydər Əliyevin yeni neft strategiyası işlənib hazırlandı. Onun çox vacib tərkib hissəsi olan “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın zəngin neft ehtiyatlarını dünya bazarına çıxarmağa imkan verən, həm də fövqəladə geosiyasi dividendlər vəd edən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ixrac marşrutu üzrə çəkildi.

Demokratik cəmiyyət quruculuğu istiqamətində əhəmiyyətli addımlar atıldı, hüquqi dövlət və vətəndaş cəmiyyəti təsisatları yaradıldı, siyasi plüralizm qərarlaşdı. Azərbaycanın beynəlxalq siyasi və iqtisadi birlik və təşkilatlara inteqrasiyası daha ardıcıl və sistemli şəkildə həyata keçirilməyə başladı. Ölkənin xarici siyasət prioritetləri aydın parametrlər kəsb etdi, nizamlı ordu yaradıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sahəsində strategiya qəti şəkildə qərarlaşdı və beynəlxalq ictimaiyyətə aydın və qəti mövqe çatdırıldı. 
Bir sözlə, müstəqil Azərbaycan dövləti quruldu və inkişaf, tərəqqi, yüksəliş yolunda ilk inamlı addımlarını atmağa başladı. XX əsrin son onilliyinə real parçalanmaq təhlükəsi ilə qədəm qoyan Azərbaycan Heydər Əliyevin dühası sayəsində XXI əsrin birinci onilliyinə artıq özünü təsdiq etmiş, gələcək inkişaf imkanları şübhə doğurmayan uğurlu dövlət kimi daxil ola bildi.
Növbəti onillikdə Azərbaycanın böyük yüksəliş iddiaları aydın görünməkdə idi. Bu milli iddiaların həyata keçirilməsi missiyası artıq 2003-cü ildə xalqın etimadını qazanmış Prezident İlham Əliyevin çiyinlərinə qoyulmuşdu. 
Qeyd edildiyi kimi, XXI əsrin onilliyinə böyük milli inkişaf iddiaları ilə daxil olan Azərbaycanda yeni islahatlar obyektiv zərurətə çevrilmişdi. Yeni dövrün tələblərinə cavab verən, müasir baxışlara əsaslanan islahatlar olmadan ölkənin inkişaf iddiaları reallaşmaq imkanlarına malik deyildi. Prezident İlham Əliyevin yeni baxışlara əsaslanan islahatlar konsepsiyası məhz bu tarixi zərurətdən qaynaqlanır və həmin dövrün çağırışlarına cavab kimi qiymətləndirilməlidir. Yeni baxış anlayışı da ilk növbədə Heydər Əliyev ideyaları əsasında yeni çağırışların mahiyyətlərinə uyğun qərarların qəbul edilməsi zərurəti kimi dərk edilməlidir. 
Prezident İlham Əliyevin islahatlar konsepsiyasının hədəflərini aydınlaşdırmağa çalışsaq, bir sıra başlıca məqamları (məqsədləri) qeyd etməmək mümkün deyil. Bunların sırasında ən başlıcası, yeni iqtisadi inkişaf modelinin hazırlanması hesab olunmalıdır. Əvvəlki on ilin inkişafı artıq aydın parametrlər kəsb edən iqtisadi modelin yaradılması prosesini başa çatdırmağı qaçılmaz etmişdi və həmin vəzifə Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində sınaqdan uğurla çıxdı. Azərbaycanın inkişaf modeli iqtisadi faktor və reallıq kimi həm ölkə daxilində, həm də beynəlxalq qurumlar tərəfindən etiraf olundu.
İnkişafın Azərbaycan Modeli dedikdə, hər şeydən əvvəl, bu elementlər toplusu başa düşülür: hipersürətli iqtisadi yüksəliş; yeni, müasir idarəetmə texnologiyalarının tətbiq edilməsi; iqtisadiyyatda insan faktorunun rolunun və əhəmiyyətinin artırılması; neft strategiyasından daxil olan böyük vəsaitlərin səmərəli idarə olunması; müasir iqtisadiyyatın əsası kimi geniş infrastruktur layihələrinin həyata keçirilməsi; ölkənin regionlarının sosial və iqtisadi inkişafının tarazlaşdırılması; artan iqtisadi potensialdan insanların sosial müdafiəsi məqsədləri ilə ən səmərəli şəkildə istifadə edilməsi.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin islahatçılıq strategiyası öz miqyasları və vüsətinə görə kifayət qədər geniş olub təkcə iqtisadi fəaliyyət sferası ilə kifayətlənmir. İslahatçılıq hərəkatının cəmiyyətin bütün sahələrini əhatə etməsi sözügedən strategiyanın fərqləndirici xüsusiyyəti kimi göstərilməlidir. Həqiqət bundan ibarətdir ki, İlham Əliyevin prezidentliyi dövründə islahatlardan kənarda qalan sahə xatırlamaq mümkün deyil. Bu mənada yeni dövrün islahatları kompleks və sistemli xarakteri ilə diqqəti cəlb edir. Elə bu səbəbdən də çox zaman “Azərbaycanın iqtisadi modeli” “Azərbaycanın inkişaf modeli” kimi dəyərləndirilir. Hesab edirəm ki, belə yanaşmanın ciddi əsasları olduğunu etiraf etməmək qeyri-mümkündür. Məhz hərtərəfli və dərin islahatlar sayəsində Azərbaycanın müasir siması formalaşmışdır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan nəinki dünyanın ən dinamik iqtisadiyyatı kimi etiraf olundu, həm də qlobal miqyasda ən sürətlə və müasir dəyərlər çərçivəsində dəyişən ölkə imicini qazana bildi.
Deyilənlərə yekun vuraraq etiraf etmək lazım gəlir ki, 2003-cü ildən etibarən Azərbaycanın misilsiz tərəqqisi və yüksəlişi ümummilli lider Heydər Əliyevin yaratdığı sosial-iqtisadi və siyasi bazaya, neft strategiyasının həyata keçirilməsi sayəsində əldə olunan böyük neft pullarına və əlbəttə, Prezident İlham Əliyevin uğurlu islahatlarına əsaslanır.

 

Böyük sıçrayış və onun real təcəssümü

Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinə obyektiv olaraq öz qarşısına möhtəşəm hədəflər qoyaraq başlamalı olmuşdur. Bu zərurət ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin öz bəhrəsini getdikcə daha aydın şəkildə göstərməyə başlaması fonunda cəmiyyətin ondan gözləntilərindən irəli gəlirdi. İqtisadi və siyasi sabitlik təmin edilmiş, iqtisadi liberallaşdırılmanın ilk ciddi addımları atılmış, ölkə üçün əlverişli beynəlxalq mühit təmin edilmiş, neft strategiyasının iqtisadi dividendləri - böyük neft pulları isə Azərbaycana axmağa artıq hazır vəziyyətdə idi. Sözün həqiqi mənasında, möhtəşəm hədəflər mərhələsi aktual məna kəsb edirdi. Azərbaycan öz tarixində, yəqin ki, ən böyük sıçrayışının astanasında dayanmışdı. Həllini gözləyən yeganə vəzifə bütün bunları dərk edərək gerçəkləşdirməyə qadir olan siyasi iradənin təmin edilməsindən ibarət idi.

On üç il sonra İlham Əliyevin seçki proqramını xatırlayıb təhlil etməli olsaq, etiraf etmək lazım gələr ki, artıq o zamandan etibarən gələcək prezident tarixin onun üzərinə qoyduğu möhtəşəm vəzifələri yerinə yetirməyə hazır idi. 2003-cü ildə çoxlarının başa düşməyə çətinlik çəkdiyi vəzifələrin İlham Əliyev tərəfindən özünün seçki proqramına daxil edilməsi deyilənin əyani təsdiqidir. Misal üçün, prezidentlik müddəti ərzində - 5 ildə 600 min yeni iş yerinin açılması, qaçqın və məcburi köçkünlərin illər boyu ağır şəraitdə yaşadığı çadır şəhərciklərinin aradan qaldırılması barədə vədlərini yada salmaq, düşünürəm, yetərlidir ki, İlham Əliyevin prezident kimi özünün qarşısında qoyduğu hədəflərin miqyası barədə aydın təsəvvür yaransın. Bu mənada onun daha bir bəyanatı da xatırlanmağa layiqdir: “Böyük işlər görmək üçün qarşımıza möhtəşəm vəzifələr qoymalıyıq” - deyən Prezidentin ölkəsinin çox qısa bır zamanda dünyanın ən dinamik iqtisadiyyatına çevrilməsi, əlbəttə, tamamilə qanunauyğundur. Ancaq bir şərtlə: səsləndirilən bəyanat onun müəllifinin intellektual, siyasi iradə, qətiyyət, idarəçilik bacarığı və xalqına ürəkdən, təmənnasız xidmət göstərmək kimi şəxsi keyfiyyətlərinə adekvat olsun. 
İlham Əliyevin prezidentlik fəaliyyəti barədə söhbət açarkən vacib bir məqam da mütləq şəkildə vurğulanmalıdır. Prezidentlik hər bir insan üçün ən böyük siyasi, idarəçilik, eyni zamanda, insani sınaqdır. Etiraf etməliyəm ki, İlham Əliyevdən ötrü 2003-cü ildən başlayan prezidentlik daha ciddi, bəlkə də üçqat sınaq idi. Əvvəla, ona görə ki, o, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Heydər Əliyevi - dahi siyasətçini və dövlət adamını əvəz etməli olmuşdu. İkincisi, cəmiyyətə özünün seçki platformasını ancaq bir hissəsi haqqında yuxarıda söhbət açdığımız möhtəşəm vəzifələr, yəni, seçki vədləri əsasında təqdim etmişdi və xalq onların yerinə yetirilməsini səbirsizliklə gözləyirdi. Üçüncüsü isə İlham Əliyev Azərbaycanın tarixində dövlətin xəzinəsinə daxil olan ən böyük pulları uğurla, ən səmərəli şəkildə idarə etməli idi.
Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Prezident İlham Əliyevin bütün bu sınaqlardan uğurla çıxdığına əmin olmaq üçün onun prezidentliyinin birinci müddətinin başa çatmağını gözləməyə ehtiyac qalmadı. 
İlham Əliyev dövrünün böyük sıçrayışı, hər şeydən əvvəl, Azərbaycan iqtisadiyyatının qeyri-adi inkişafında təcəssüm edir. Bunu Azərbaycanın iqtisadi möcüzəsi də adlandıranlar var və ədalət naminə qeyd etmək lazımdır ki, belə düşünənlər heç də səhv etmirlər. Təxminən 10 il ərzində iqtisadiyyatın 3 dəfədən çox artmasına başqa ad verilməsi bəlkə də qəribə görünərdi. Sözügedən sıçrayışın iqtisadi kateqoriyalarla ölçülən digər təcəssümü qismində dövlət büdcəsinin 20 dəfəyə yaxın artımı təqdim edilə bilər.
Azərbaycanın sıçrayışının növbəti təcəssümü, haqlı olaraq, yüz minlərlə yeni iş yerlərinin açılması hesab olunmağa layiqdir. Təxminən 12 il ərzində ölkədə 1,3 milyona yaxın iş yeri yaradıldı, əhalinin işlə təminatında ciddi dönüş baş verdi. İqtisadi və sosial məna tutumu kifayət qədər yüksək olan bu möhtəşəm vəzifələrin yerinə yetirilməsi də Azərbaycanın inkişaf modelinin möcüzə sayıla biləcək nəticələri sırasında layiqli yer tutur. Ölkənin əmək qabiliyyətli təxminən 5 milyonluq əhalisinin 1,3 milyonu, yəni, hər dörddən biri İlham Əliyevin prezidentliyi dövründə işlə təmin olunmuşdur. 
Sürətli iqtisadi inkişaf, büdcə gəlirlərinin kəskin artması, dövlətin maliyyə imkanlarının genişlənməsi ictimai istehlakın yeni modelinin formalaşması zərurətini aktuallaşdırmış oldu. Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi yenidən özünü göstərmək imkanı qazandı. Bir yandan artan maliyyə imkanları maaş və pensiyaların artımı, sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə müşayiət olunmağa başladı. Əhalinin həyat səviyyəsi ciddi şəkildə yaxşılaşdı, istehlak artdı. Digər tərəfdən isə milli sərvətin ən səmərəli şəkildə istifadə olunması mexanizmi yaradıldı: a) neft gəlirlərinin əhəmiyyətli hissəsinin qorunması forması kimi Dövlət Neft Fondunun ölkənin iqtisadi və maliyyə sistemində rolu və əhəmiyyəti daha da artırıldı; b) genişmiqyaslı infrastruktur layihələri ilə bir yandan milli gəlirin yenidən bölünməsinin müasir və kifayət qədər səmərəli forması tətbiq edildi. Digər yandan isə ölkədə infrastrukturun köklü surətdə yeniləşməsi və modernləşməsi strategiyasına start verildi.
Müasir qlobal problemlər sırasında ilk pillələrdə dayanan yoxsulluğun aradan qaldırılması sahəsində əldə olunan nailiyyətlər böyük sıçrayışın təcəssümlərindən biri kimi tarixi əhəmiyyətə malikdir desək, yəqin ki, həqiqəti etiraf etmiş olarıq. 10 il ərzində yoxsulluq həddinin təxminən 10 dəfə, 49 faizdən 5 faizə qədər azaldılması bu sahədə bütün dünyada əldə edilən ən möhtəşəm nailiyyət kimi tarixə daxil olmuşdur. 
Nəhayət, Azərbaycanın tarixi sıçrayışının ümumi, sintetik təcəssümü barədə. Ölkəmizin dünyada ən sürətlə yeniləşən, dəyişən, müasirləşən ölkə statusunun hamılıqla qəbul edilməsi milli qürur hissi yaratmaya bilməz. Bu gün Azərbaycan və onun paytaxtı Bakı ən müasir ölkə və şəhər sayılırlar. Dəyişən təkcə ölkənin siması deyil, onun yaşamaq, müasirləşmək, gələcəyə layiq olmaq imkanlarını qazanmasıdır. İnsanların layiqli yaşaması üçün ən əlverişli, rahat şəraitin yaradılmasıdır. Bakının beynəlxalq miqyaslı mədəni, siyasi, intellektual mərkəzə, dialoq, idman, tolerantlıq mərkəzinə çevrilməsidir. Nəticədə bütünlükdə Azərbaycanın, onun mədəni mühitinin, dəyərləri sisteminin müasirləşməsi, modernləşməsidir, insanların həyatı ilə yanaşı həyata baxışlarının dəyişməsidir. Bir sözlə, ölkəmiz son 13 il ərzində möhtəşəm sıçrayış yolu keçərək, vaxtilə ümummilli lider Heydər Əliyevin dediyi kimi, sanki dünyaya yenidən doğmuşdur. Bu sıçrayış İlham Əliyevin iradəsinin, əməyinin, idarəçilik bacarığının nəticəsi, bir sözlə, onun haqqıdır. Proses isə davam edir. Azərbaycan yeni bir sıçrayışa hazırlaşır. İnanıram ki, bu sıçrayış da Prezident İlham Əliyevin haqqı kimi onun hazırladığı yeni iqtisadi islahatların təcəssümünə çevriləcək.

İnkişafın mərhələlərlə, spiralvari formada baş verməsi tarixin ortaya qoyduğu təkamül qanunauyğunluğunun vacib tərkib hissəsi sayılmaqdadır. Bütün xalqlar və ölkələrin inkişaf tarixi bu fikrin əyani sübutu kimi təqdim oluna bilər. Təbii ki, Azərbaycan istisna deyil və onun inkişafının indiyədək ayrı-ayrı mərhələləri olub və bundan sonra da olacaq. Hər bir təkamül mərhələsi müəyyən edilmiş hədəflərə çatmaq üçün daxili imkanlarını səfərbər etdikdən sonra yeni mərhələyə keçid zərurəti yaranır. Hesab edirəm ki, Azərbaycanın 2004-cü ildən başlayan inkişaf mərhələsi yeni hədəflərlə müşayiət olunan yeni mərhələyə adlamağa sosial sifariş alıb. Bunu həm əvvəlki iqtisadi tsiklin vəzifələrinin uğurla yerinə yetirilməsi, həm yeni inkişaf hədəflərinin müəyyən edilməsi, həm də dəyişən daxili və beynəlxalq iqtisadi mühit şərtləndirir. Artıq bir ilə yaxındır ki, ölkəmiz yeni islahatlar ab-havası şəraitində yaşayır. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında islahatlar konsepsiyası hazırlanır və ardıcıl surətdə həyata keçirilməkdədir. Prosesin vüsətini, miqyasını, hədəf olaraq seçdiyi vəzifələrin əhəmiyyətini nəzərə alaraq onu islahatların ikinci dalğası adlandırmaq tamamilə yerinə düşərdi.

İslahatların ikinci dalğası Azərbaycanın son 13 ildə davamlı və dayanıqlı inkişafının məntiqi davamı olub, onun yeni fazaya daxil olması məqsədlərinə xidmət göstərir. Buna görə də əvvəlki dövrdə əldə olunan nailiyyətlər yeni hədəflərə doğru irəliləyişlər zamanı etibarlı fundament rolunu oynayır və eyni zamanda, həm ilkin, həm də yeni islahatlar dövrləri vahid iqtisadi inkişaf strategiyasının mərhələləri kimi nəzərdən keçirilir.
İslahatların yeni dalğasının əsas hədəfi ölkəmizdə inkişafın yeni fazaya daxil olması, daha yüksək pilləyə qaldırılmasından ibarətdir. Prezident İlham Əliyevin “Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisində ifadə olunan siyasi kursu mahiyyət etibarilə islahatların ikinci dalğasının ideya əsası kimi qəbul olunmalıdır.
Hazırkı şəraitdə həyata keçirilməkdə olan islahatların resurs bazasının istinad nöqtəsinin dəyişdirilməsi onun fərqləndiricisi xüsusiyyətlərindən biri sayıla bilər. Əvvəlki mərhələdə istinad olunan başlıca resurs bazası neft strategiyasının reallaşması nəticəsində əldə edilən vəsaitlərdə istifadə olunurdu. Başqa sözlə desək, inkişafın lokomotivi rolunda neft amili dayanırdı və əsas diqqət ondan ölkənin mənafeləri, xalqın rifahı naminə ən səmərəli şəkildə istifadə olunmasına yönəldilmişdi. İndi isə inkişafın resurs bazasına münasibətdə diqqət fərqli amillərə yönəldilir, başqa sözlə, iqtisadi şaxələndirmə prioritet vəzifə olaraq ön plana çəkilir.
Prezident İlham Əliyevin yeni islahatlar strategiyasının mərkəzində duran vəzifələr sırasında iqtisadi liberallaşdırmanın yeni səviyyəyə yüksəldilməsi diqqəti xüsusilə cəlb edir. Söhbət sahibkarlığın inkişafı üçün əlavə təminatların verilməsi ilə yanaşı, liberallaşdırmanın bank-kredit sisteminə daha dərindən sirayət etməsindən gedir. Həyata keçirilən tədbirlər kompleksinin ölkəmizdə azad bazar iqtisadiyyatının bütün parametrləri üzrə qərarlaşmasını, deməli, iqtisadi inkişafa əlavə təminatı şərtləndirmiş olacaq.
İslahatların ikinci mərhələsini səciyyələndirən xüsusiyyətlərdən digəri idarəetmə sahəsinin təkmilləşdirilməsi, daha çevik idarəçilik sisteminin yaradılması məqsədilə zəruri optimallaşmanın həyata keçirilməsidir. Burada idarəetmə xərclərinin azaldılmasından tutmuş innovativ idarəçilik formalarının tətbiq edilməsinədək geniş spektrli yeniləşmə nəzərdə tutulur. Hədəf qərarların qəbul edilməsinin sürətləndirilməsi, yersiz süründürməçilik hallarının və digər neqativlərin qətiyyətlə aradan qaldırılması, icraya nəzarətin gücləndirilməsi və s. bu qəbildən olan və sosial sifariş xarakteri kəsb etmiş vəzifələrin həllidir.
Genişmiqyaslı idarəetmə islahatları istər-istəməz siyasi mahiyyət kəsb edir və bu mənada Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə 2016-cı il sentyabr ayının 26-da keçirilən referendum xüsusi əhəmiyyət daşıyır. Referendum yolu ilə Konstitusiyanın təkmilləşdirilməsi əslində, islahatlar strategiyasının vacib elementi olub, sonuncunun Prezidentin siyasətində nə dərəcədə vacib əhəmiyyət kəsb etdiyinə bilavasitə dəlalət edir.
Prezident İlham Əliyevin islahatlar siyasətinin ikinci fazasını xarakterizə edən vacib bir məqam da ayrıca vurğulanmalıdır. Bu da onun cəmiyyətə dərin islahatlar kimi təqdim edilməsidir. Prezidentin hazırkı yeniləşmə xəttini dərin islahatlar adlandırması ona nə qədər böyük diqqət yetirdiyinin əyani sübutudur. İslahatların nəinki cənab İlham Əliyevin təşəbbüsü ilə, həm də onun bilavasitə rəhbərliyi ilə həyata keçirilməsi faktı öz növbəsində ikinci islahatlar dalğasının uğurlarına əlavə təminat hesab edilə bilər. 
Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır. Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır. Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi, indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Bunun ən etibarlı təminatı Heydər Əliyevin ölkəmizdə yaşayan ideyaları və Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyəti, xalqına təmənnasız xidmət göstərmək arzu və bacarığıdır. Hər bir ölkə tarixi, keçmişi, mədəniyyəti, inkişaf göstəriciləri və əlbəttə, lideri ilə tanınır. Azərbaycan fəxr edir ki, onun lideri İlham Əliyevdir!