Xəbərlər
Bakıda GUAM Parlament Assambleyasının IX iclası keçirilib
Dekabrın 15-də Azərbaycan Respublikası Milli Məclisində GUAM Parlament Assambleyasının (PA) IX iclası keçirilib.
İclası GUAM Parlament Assambleyasının sədri, Milli Məclisin GUAM PA-da nümayəndə heyətinin rəhbəri Azər Kərimli açıb.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov GUAM-ın nüfuzunun ildən-ilə artdığını söyləyib. O, daha çox ölkənin və beynəlxalq təşkilatın bu qurumla əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.
GUAM-ın regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını qeyd edən Valeh Ələsgərov GUAM PA-nın üzv ölkələr arasında əməkdaşlıq üçün mühüm istiqamət ola biləcəyini bildirib.
Xarici işlər naziri Elmar Məmmədyarov çıxışında GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini söyləyib. Nazir vurğulayıb ki, GUAM, həmçinin üzv ölkələrin ərazilərində mövcud münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır.