Xəbərlər
Əbülfəs Qarayev: UNESCO ilə birgə həyata keçirilən işlər Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa imkan verir
Azərbaycan Prezident İlham Əliyev dünyada mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən “Bakı prosesi”nə və Mədəniyyətlərarası Dialoq Forumuna böyük önəm verir.
Bu fikri AZƏRTAC-a müsahibəsində UNESCO-nun baş qərargahında 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkili və “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə təşkil edilmiş işçi qrupun ekspert görüşündən və yüksək səviyyəli toplantısından sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.
Nazir bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ənənəyə çevrilib. 2017-ci ildə Bakı dördüncü dəfə bu tədbirə ev sahibliyi edəcək. Bakı Forumuna hazırlıq məqsədilə elmi-praktik beyin mərkəzi yaradılıb. Mərkəzin üzvləri tərəfdaşlarımız olan beynəlxalq təşkilatların məsul şəxsləridir. Bugünkü yüksək səviyyəli toplantıda UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Foruma ilk dəfə qatılacaq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa Şurası, ISESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəsmilərinin iştirakı onların bu nüfuzlu tədbirə xüsusi əhəmiyyət verməsini bir daha əks etdirir.
Nazir qeyd edib ki, “Bakı prosesi” deyilən diplomatik termin qəbul olunub və bu proses davamlıdır. Bu proses insanlar arasında anlaşmanı, dialoq və mədəniyyətlərə qarşılıqlı hörməti təşviq edir. Məqsəd daha sağlam təhlükəsiz bir cəmiyyətin qurulmasıdır.
Bugünkü toplantıda yeni təşəbbüslər irəli sürüldü. Bununla bağlı yanvar ayında işçi qrupun nümayəndələrinə müvafiq sənədlər göndəriləcək. Gələn il mayında Bakıda keçiriləcək Forum üçün maraqlı bir proqram təşkil olunacaq.
Ə.Qarayev deyib ki, “Mədəniyyətlərarası dialoqdan insan təhlükəsizliyinə və sülhdən davamlı inkişafa” adlı konfransın UNESCO-nun baş qərargahında keçirilməsi Azərbaycanda bu mövzuya göstərilən diqqətin bariz nümunəsidir. Konfran çərçivəsində dövlətimizin və bu təşkilatdakı nümayəndəliyimizin köməkliyi ilə fransız və ingilis dillərində “Mədəniyyət mülkiyyətinin qorunması haqqında hərbi məlumat kitab”ının təqdimatı oldu. Bu kitab hərbi münaqişələr zamanı mədəni irs abidələrinin qorunması baxımından çox vacibdir. UNESCO-da davam etdirilən bu işlər Azərbaycanın işğal olunmuş torpaqları haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa imkan verir. Bu gün görüşlər zamanı bu mövzuya da toxunduq. Azərbaycan dövlətinin sülhsevər siyasətini qeyd etməklə yanaşı, böyük narahatçılığımızı da ifadə etdik. Bildirdik ki, işğal olunmuş torpaqlarda mədəni irs abidələrimiz dağıdılıb.
“UNESCO ilə ölkəmiz arasında sıx münasibətlərin formalaşmasında, əlaqələrin genişlənməsində Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu olub. Azərbaycanın bir çox nominasiyalarının, eləcə də bu yaxınlarda lavaş çörəkbişirmə ənənəsinin UNESCO-nun maddi və qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın töhfəsidir”, - deyə mədəniyyət və turizm naziri vurğulayıb.