YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbənin təsdiqi

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayan və xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan bu müddət ərzində torpaqlarımızın talan edilməsi, infrastrukturun dağıdılması və misli görünməmiş vandalizm aktları törətmişdir. Azərbaycanlıların evləri, inzibati binaları, qeyri-yaşayış sahələri, tarixi və dini-mədəni abidələri dağıdılmış, əmlakları talan edilmişdir. İşğal dövründə erməni vandalizmi yalnız daşları söküb daşımayla kifayətlənməmiş, həmçinin qəbir daşlarını və ölmüş insanların cəsədlərini hədəf alaraq onların metal dişlərini çıxarmışdır. Bu, tarixdə bənzəri olmayan barbarlıq nümunəsidir.

I və II Dünya müharibəsi zamanı dağıntılarla müqayisədə, Qarabağda 30 il ərzində həyata keçirilən erməni vandalizmi misilsizdir. İşğal dövründə bütün yaşayış evləri yağmalanmış, azərbaycanlılara məxsus əmlak mənimsənilmişdir. Eyni zamanda, ekoloji terror və ərazilərin tamamilə xarab vəziyyətə gətirilməsi də bu barbarlığın bir hissəsi olmuşdur.

2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış və ərazilərimizdəki erməni vandalizminə son qoymuşdur. 10 noyabr 2020-ci ildən sonra Azərbaycan öz tarixi torpaqlarında həyatı yenidən bərpa etməyə başlamışdır. 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş lokal anti-terror tədbirləri nəticəsində ölkəmizdə separatizmin kökü kəsilmiş, Azərbaycan ərazisində konstitusiya quruluşu və suverenlik tam bərqərar olmuşdur. Artıq tarixi torpaqlarımızda geniş quruculuq və abadlıq işləri həyata keçirilir ki, bu da ərazinin milli kimliyini və mülkiyyət hüququnu bir daha təsdiqləyir.

İşğal dövründə Ağdam şəhəri də misli görünməmiş dağıntılara məruz qalmışdır. Bir vaxtlar regionun iqtisadi, siyasi və mədəni mərkəzi olan Ağdam, erməni işğalı və vandalizmi nəticəsində xarabazara çevrilmişdir. Bu səbəbdən azərbaycanlılarla yanaşı, xarici jurnalistlər və turistlər Ağdamı “Qarabağın Xirosiması” adlandırmışlar. Bu, erməni barbarlığının azərbaycanlılara qarşı nifrətinin və kin duyğusunun ölçüsünü açıq şəkildə göstərir.

 

“Ağdam” sözünün etimologiyasına görə, qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşayan türkdilli qəbilələr özlərini qorumaq üçün kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan Ağdamda öz imarətini tikdirmişdir. Arxeoloji tədqiqatlar göstərir ki, Ağdam ərazisində insanlar altı-səkkiz min il bundan əvvəl yaşamışdır. Rayon 1930-cu ildə inzibati bölmə kimi yaradılmış və Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşmişdir. 1993-cü il 23 iyul tarixində Ermənistanın işğal siyasətinə məruz qalmışdır.

İşğal dövründə Ağdamın Ermənistan tərəfindən işğalı ATƏT-in Minsk Qrupunun 9 ölkəsi tərəfindən və BMT Təhlükəsizlik Şurası tərəfindən qətiyyətlə pislənmişdir. Lakin Ermənistan beynəlxalq qanunlara tabe olmamış, 30 ilə yaxın müddətdə işğal siyasətini davam etdirmişdir. İşğal zamanı coğrafi adların dəyişdirilməsi, mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qanunsuz əməllər törədilmişdir. Bu, Ermənistanın əsl niyyətinin ərazi əldə etmək məqsədli hərbi təcavüz olduğunu açıq göstərir.

Azərbaycan Vətən müharibəsini həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanmışdır. Üçtərəfli bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonu Azərbaycana təhvil verilmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş və şəhərin bərpası üçün tədbirlər başlanmışdır. 31 iyul 2023-cü il tarixli Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş, 20 noyabr Ağdam şəhəri günü kimi qeyd olunmuşdur.

Böyük Qayıdış konsepsiyasına uyğun olaraq, Ağdamda geniş quruculuq və bərpa işləri aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq, yeni infrastruktur layihələri həyata keçirilir. Qısa müddətdə Ağdam və digər şəhərlərimizdə həyat yenidən canlanacaq, Ağdamlılar öz yurd-yuvalarına təhlükəsiz və xoşbəxt şəraitdə qayıdacaqlar.