Xəbərlər
Pirallahıda YAP-ın təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı partiyanın təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan etibarən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və dövlətçilik konsepsiyasına əsaslanaraq milli inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirilməsini özünün başlıca missiyası elan etmişdir. Xalqa xidmət prinsipi Yeni Azərbaycan Partiyasının həm ideoloji doktrinasının, həm də praktiki idarəetmə modelinin mərkəzində dayanır. Bu missiya dövlət quruculuğu proseslərinin sistemli şəkildə təkmilləşdirilməsinə, milli maraqlara əsaslanan qərarvericilik mexanizmlərinin möhkəmləndirilməsinə və cəmiyyət-dövlət münasibətlərinin effektiv koordinasiyasına xidmət edir.
Ulu Öndər Heydər Əliyev məktəbinin strateji idarəetmə yanaşmalarını əsas tutan partiya dövlət idarəçiliyində səmərəliliyin yüksəldilməsi, sosial ədalət və inklüzivlik prinsiplərinin genişləndirilməsi, insan kapitalının inkişafı və milli təhlükəsizlik arxitekturasının gücləndirilməsi kimi fundamental istiqamətləri prioritetləşdirir. Bu konseptual yanaşma Yeni Azərbaycan Partiyasının yalnız öz siyasi platformasını deyil, bütövlükdə ölkənin uzunmüddətli inkişaf paradigmasını formalaşdıran aparıcı intellektual-siyasi qüvvəyə çevrilməsinin əsasını təşkil edir. Beləliklə, partiyanın Heydər Əliyev ideyalarına söykənən fəaliyyəti bu gün də ardıcıl şəkildə davam etdirilir və xalqa xidmət missiyasının strateji davamlılığını təmin edir.
Emil Abasov qeyd edib ki, öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, dövlətimizin bütövlüyü və xalqımızın həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəsi ilə bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir. YAP Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olmasına baxmayaraq, əldə etdiyi naliyyətlərlə partiya işinə öz töhfəsini verməkdədir.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Hikmət Babaoğlu, Asif Əsgərli və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi: “Heydər Əliyevin ideoloji baxışlarından və siyasət fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Vətən müharibəsində bütün dünya Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək strateji dühasının və sərkərdəlik istedadının canlı şahidi oldu. Bu misilsiz zəfər bizi tarixin qalib xalqına çevirdi”.
Sonda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman təqdim olunub.
