Gündəm
Dünya İqtisadi Forumu: Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə MDB ölkələri arasında liderdir
Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və aprelin 23-də yayımlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014 (“The Global Information Technology Report 2014”) adlı illik hesabatda göstərilir ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlmişdir. Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlamışdır.
Azərbaycan Marketinq Cəmiyyətindən bildirmişlər ki, respublikamız “ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqinə görə dünyada birinci yerdə göstərilmişdir və bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir.
Eyni zamanda, “Şəbəkələşmə hazırlığı indeksi”nin formalaşmasına təsir edən informasiya-kommunikasiya texnologiyalarının əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.
Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanmış və hökumətin gələcəklə bağlı informasiya-kommunikasiya texnologiyaları sektoruna yanaşması üzrə altıncı yeri tutmuşdur. MDB-də birinci olmaqla, ölkəmiz informasiya-kommunikasiya texnologiyaları sektorunun təbliğində hökumətin uğuruna görə səkkizinci, hökumətin xidmətlərinin səmərəliliyində informasiya-kommunikasiya texnologiyalarından istifadə üzrə isə 11-ci yeri tutur.
Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlamışdır. Həmçinin Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) da arxada qoymuşdur.
Azərbaycan Marketinq Cəmiyyəti 2006-cı ildən etibarən Dünya İqtisadi Forumunun Azərbaycan üzrə rəsmi tərəfdaşıdır və bu tərəfdaşlıq çərçivəsində ölkədə aparılan sorğuların təşkili, analitik hesabatların hazırlanması və şərhlərin verilməsi işini yerinə yetirir.