Xəbərlər
Hadi Rəcəbli: Yeni qanun layihəsi dövlətin turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasəti dəstəkləyir
«Turizm haqqında» qanun layihəsi Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və nəzarəti, turizm fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləmək məqsədi ilə hazırlanıb. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, sənəd ölkə başçısının turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasəti dəstəkləyir. Onun sözlərinə görə, 8 fəsil, 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı əsas anlayışlar, görüləcək tədbirlər öz əksini tapıb.
«Qanun layihəsinə əsasən, turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaqlar. Bu günlərdə bu sənəd komitəmizdə müzakirə olundu. Qanun layihəsinin müəyyən qədər təkmilləşdirilməsinə ehtiyac var. Bu iş başa çatdıqdan sonra sənəd yenidən müzakirəyə çıxarılacaq»- deyə, komitə sədri vurğulayıb.