Xəbərlər
Daşkəsən rayonunda 2014-cü ilin I yarımili uğurlu nəticələrlə yadda qalmışdır
Bu gün Daşkəsən rayonunda 2014-cü ilin I yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, buraya toplaşmağımızın məqsədi 2014-cü ilin I yarımili ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri bir daha yada salmaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Məlum olduğu kimi, 2014-cü ilin iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Prezident sarayında, Nazirlər Kabinetinin 2014-cü ilin I yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra nitqinə davam edərək demişdir :
- Birmənalı olaraq qeyd etməliyik ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir zamanın tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilən xarici siyasət kursu ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir.
Bu uğurlar qısa zaman kəsiyində möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və mükəmməl iqtisadi strategiya nəticəsində əldə olunub. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması və digər islahatlar Azərbaycan iqtisadiyyatının kompleks inkişafını təmin etmişdir. Bu isə məhz qeyd etdiyimiz Dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının, ali diqqətinin nəticəsidir.
Hesabat məruzəsində qeyd edilmişdir ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2014-cü ilin birinci yarsında xeyli işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur.
Bildirilmişdir ki, hörmətli Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Daşkəsən Filizsaflaşdırma Kombinatının yenidən fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir.
İl ərzində Çovdar qızıl zavodunun tikintisi davam etdirilmiş, hazırda zavodda son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfər əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır.
Daşkəsən rayonunda gənclər üçün yeni müasir tipli təlim və istirahət mərkəzinin tikintisi başa çatdırılmışdır.
Heydər Əliyev mərkəzində əsaslı tikinti-təmir işlərinə başlanmış və hazırda həmin işlər yüksək səviyyədə davam etdirilir.
Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının tikinti işləri başa çatdırılmaqdadır.
2013-cü ildə Daşkəsən rayonunda İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın tikintisinə başlanılmış, tezliklə son tamamlama işləri yerinə yetirilərək bu binanın möhtəşəm bir açılışı olacaqdır. Daşkəsən şəhərində yeni avtovağzal kompleksinin tikintisi başa çatmışdır.
Daşkəsən şəhərində 25-dən artıq çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunmuş və həmin işlər davam etdirilir.Şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ildə Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2014-cü ilin fevral ayının 17-dən 01 may 2014-cü il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən, müvafiq təlimata uyğun olaraq rayon əhalisinin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Qəbulda həmçinin Daşkəsəndə yüksək səviyyədə görülən yol işlərinə və yeni tikilən avtovağzala görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, rayon sakinləri adından böyük minnətdarlıq bildirildi.
3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu proqramın həyata keçirilməsi 2014-cü il Dövlət proqramına salınmış və təsdiq olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli,118 nömrəli Fərmanı ilə «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulmuşdur.
Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən rayonu bölmələrində qeyd edilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışında onu da bildirmişdir ki, “Yeni Daşkəsən” layihəsi işlənib elmi əsaslarla hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
İyulun 10-da Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “Bizim gördüyümüz işlərin həcmi o qədər böyükdür ki, bir müşavirədə bu barədə danışmaq mümkün deyildir. Mən bu gün sadəcə olaraq əsas məsələləri qeyd etdim. Yenə də demək istəyirəm ki, altı ayın nəticələri ümidvericidir. Ölkəmiz inamla, dinamik şəkildə inkişaf edir. Ölkə iqtisadiyyatı dayanıqlıdır. Əminəm ki, biz ilin sonuna qədər bütün vəzifələri uğurla icra edəcəyik”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışının sonunda bildirdi ki, qarşımızda çox məsul və şərəfli vəzifələr durur.
Yığıncağın sonunda rayon ictimaiyyəti adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.