Xəbərlər
Ziyad Səmədzadə: Bu gün ölkəmizdə maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərdədir
«Bu gün ölkəmizdə maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərdədir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z. Səmədzadə bildirib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, «Kredit büroları haqqında» qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
«Qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir. Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Kredit bürolarını Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq»- deyə, komitə sədri vurğulayıb.