Xəbərlər
“ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi başa çatıb
Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü ilə Azərbaycanda keçirilən “ADEX 2016” ikinci Beynəlxalq müdafiə sərgisi sentyabrın 30-da başa çatıb.
MSN-in mətbuat xidmətindən bildiriblər ki, dörd gün davam edən sərgiyə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin də daxil olmaqla 44 ölkədən 250-yə yaxın rəsmi heyət və şirkət qatılıb.
Sərgidə 10 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, Çexiya, İsrail və Serbiya milli pavilyonları ilə təmsil olunub. Ekspozisiya meydançasının min kvadratmetrlik sahəsini əhatə edən Azərbaycan milli pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar nümayiş etdirilib. İki il əvvəl Azərbaycanda keçirilən “ADEX 2014” birinci Beynəlxalq müdafiə sərgisinə 168 adda müdafiə təyinatlı məmulat çıxaran MSN “ADEX 2016” sərgisində 260 adda məmulat nümayiş etdirib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubu ünvanlaması və sərgidə şəxsən iştirak etməsi “ADEX 2016”nın əhəmiyyətini daha da artırıb. Dövlətimizin başçısı sərgi ilə tanışlıq zamanı Müdafiə Sənayesi Nazirliyinin stendində nümayiş etdirilən məmulatlarla tanış olub. Prezident İlham Əliyev hərbi-texniki əməkdaşlıq üzrə məsələlərin müzakirə edilməsi üçün nüfuzlu platforma kimi bu sərginin mühüm rolunu xüsusi vurğulayıb.
Sərgini ziyarət edənlər arasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər güc qurumlarının rəhbərləri də olublar.
“ADEX 2016” sərgisi çərçivəsində müdafiə sənayesi naziri Yavər Camalovun iştirakçı ölkələrdən Türkiyənin milli müdafiə naziri, Pakistanın müdafiə sənayesi federal naziri, Serbiyanın və Cibutinin müdafiə nazirləri, digər ölkələrin rəsmi nümayəndə heyətləri və şirkət rəhbərləri ilə ikitərəfli görüşləri olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Görüşlərdə nümayəndə heyətləri tədbirin yüksək səviyyədə təşkil olunduğunu, burada iqtisadiyyatın hərbi və müdafiə sahələrini təmsil edən tanınmış brendlərin geniş tərkibdə təqdim edildiyini xüsusi vurğulayıblar.
Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX 2016” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edib.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalanıb.
Müdafiə Sənayesi Nazirliyinin “ADEX 2016” sərgisində nümayiş etdirdiyi məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsində hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Sərginin əhəmiyyətini və ona olan marağı nəzərə alaraq tədbirin dördüncü günü “Açıq gün” elan edilib.
“ADEX 2016” sərgisini ziyarət edənlər arasında, həmçinin yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılmış xüsusi texnika və texnologiya fakültəsinin tələbələri ilə yanaşı, gənclər və ictimaiyyətin nümayəndələri də olublar.
Tədbirə dörd gün ərzində göstərilən böyük maraq sərginin əhəmiyyətinin göstəricisidir. Yerli və xarici kütləvi informasiya vasitələri də sərgiyə böyük maraq göstərib.