YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.

Mərasimdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir neçə ölkənin müdafiə naziri və müxtəlif ölkələrin nazirliklərinin nümayəndələri iştirak edirlər.

Tədbirdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxudu.

Müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək ölkəmizdə və regionda ikinci dəfə keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2016” sərgisinin açılması münasibətilə nümayəndə heyətlərini, şirkətlərin təmsilçilərini və ziyarətçiləri təbrik etdi.

Artıq ölkəmizdə müasir texnologiyalara əsaslanan müdafiə sənayesi müəssisələrinin fəaliyyətə başladığını deyən Y.Camalov bildirib ki, Azərbaycanın hərbi qüdrəti durmadan artır.

Nazir son illərdə ölkəmizin müdafiə sənayesinin uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, müdafiə sənayesi müəssisələri tərəfindən buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb.

Nazir deyib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bir çox sərgilərin iştirakçısı olub. Nazirlik bu sərgilərlə və bazara çıxardığı məhsullarla özünü təsdiqləyib. Nazirliyin müəssisələrində istehsal olunan və sayı artan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir.

Qeyd edilib ki, “ADEX 2016” Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib. “ADEX-2016”da 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

“ADEX 2016” sərgisi iştirakçılar arasında yeni əməkdaşlıq sahələrini müəyyən edəcək.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.

“ADEX 2016” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdirilir. Nazirlik “ADEX-2016” sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarıb. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnika, eləcə də silah-sursat nümunələrini nümayiş etdirir. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı nəzərdə tutulur.

Sentyabrın 30-dək davam edəcək sərgi çərçivəsində seminar, təqdimat, ikitərəfli görüşlər də keçiriləcək.