Xəbərlər
“ADEX-2016” sərgisində yeni “İldırım” və “Qasırğa” milli zirehli maşınlarının ilkin nümunələri nümayiş etdiriləcək
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) 2016-cı ildə Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır. İlk növbədə əsas diqqət müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” milli zirehli nəqliyyat vasitəsinin – 12,7 millimetrlik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. Milli zirehli maşının təcrübi nümunəsinin ilin sonunadək hazırlanması planlaşdırılır.
Bunu iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Xarici dövlətlərlə danışıqların nəticəsi olaraq, yeni “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələrinin hazırlandığını bildirən nazir həmin texnikaların Bakıda keçiriləcək “ADEX-2016” sərgisində nümayiş etdiriləcəyini və 2017-ci ildən seriya ilə istehsalına başlanılacağını vurğulayıb.
“Daha bir yeni layihə “BRDM-2M” zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrimizin ixtiyarına veriləcək”, – deyə Y.Camalov qeyd edib.