Xəbərlər
Müdafiə Nazirliyi: Düşmən aprel döyüşləri zamanı Ermənistandakı bütün qüvvələrini bölgəyə cəlb etmişdi
Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü ilin noyabrındakı görüşündən sonra Ermənistan tərəfi Dağlıq Qarabağ ərazisində böyük hərbi təlim keçirdi. Ermənistan həmin dövrdə gərginliyə hesablanmış addım atdı və bunu məqsədyönlü şəkildə etdi. Təmas xəttindən başqa, sərhəddə olan ərazilərdəki mövqelərimizi də atəşə tutan Ermənistan bununla da başqa ölkələri münaqişəyə cəlb etməyə çalışırdı.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı mayın 13-də “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda Milli Məclisdə keçirilən dinləmələrdə çıxışında deyib.
Ötən ilin payızından etibarən, Ermənistan tərəfinin qoşunların təmas xəttinə yaxın ərazilərdə və sərhəddə mülki əhalini atəşə tutduğunu deyən V.Dərgahlı bildirib ki, 2016-cı ilin martından başlayaraq Ermənistan tərəfi əhalini atəşə tutmağı daha da gücləndirdi. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdular. Azərbaycan tərəfindən adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul edildi və cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatları müəyyənləşdirildi, canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Aprelin ilk günlərindəki döyüşlərdə düşmənin itkiləri barədə məlumat verən V.Dərgahlı bildirib: “Cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi və sıradan çıxardı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi. Düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Silahlı Qüvvələrin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu, uğurla yerinə yetirildi. Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi həmin əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin çox az hissəsinin - əsasən ön mövqedəki qüvvələrinin bir qisminin cəlb olunduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı Əlahiddə Ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Düşmən isə Ermənistandakı bütün qüvvələrini bölgəyə cəlb etmişdi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi.