YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Bolqarıstan Respublikasının xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Bolqarıstanın Prezidenti Rosen Plevneliyev və Baş nazir Boyko Borisov ilə həm Bolqarıstanda, həm Azərbaycanda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq bu görüşlərin müntəzəm xarakter daşımasının önəmini qeyd etdi. Əlaqələrimizin uğurla və dostluq ruhunda inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Bolqarıstanın Azərbaycanın yaxın dostlarından biri olduğunu dedi. Siyasi sahədə münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin Bolqarıstan ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirdi. Dövlətimizin başçısı Bolqarıstanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edərək “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra olunduğunu vurğuladı. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq planlarını dəstəklədiyinə görə Bolqarıstana təşəkkürünü bildirdi. Avropa İttifaqı ilə danışıqların uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı strateji əhəmiyyət daşıyan əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Ölkələrimiz arasında səmimi, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin önəmini vurğulayan Prezident İlham Əliyev son vaxtlar Bolqarıstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində də fəal əməkdaşlıq aparıldığını qeyd etdi.

Dövlətimizin başçısı Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun ölkəmizə səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi.

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlıq etdi. Ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan Bolqarıstanın xarici işlər naziri dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını dedi və əlaqələrimizi bu istiqamətdə gücləndirməyin zəruriliyini qeyd etdi.

Enerji layihələrindən danışan bolqarıstanlı nazir “Cənub Qaz Dəhlizi” layihəsinin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq bu layihənin təkcə Azərbaycan ilə Bolqarıstan arasında deyil, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi üçün imkanlar açacağına əminliyini bildirdi.

Görüşdə kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldı.