Xəbərlər
Los-Ancelesdə Azərbaycana dair sənədli filmlər ekranlaşdırılıb
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Los-Ancelesdəki baş konsulluğunun birgə dəstəyi ilə bu şəhərdə Azərbaycana dair beş yeni sənədli film ekranlaşdırılıb. Filmlər artıq ABŞ televiziya kanallarında nümayiş olunub.
Konsulluqdan bildiriblər ki, filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, müsəlmanların, yəhudilərin, xristianların, eləcə də digər etiqad mənsublarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır. Filmlərin əsas süjet xətti ölkəmizin özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiəti ilə ölkəmizin tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. Filmlərin peşəkar quruluşu və rəngarəng kadrları uzaq ABŞ tamaşaçısında Azərbaycana güclü maraq və rəğbət hissi oyada bilir.
Həmin filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub. Ümumiyyətlə, filmlərin 2016-cı il ərzində Kaliforniya da daxil olmaqla, ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur.
Filmlərin çəkilişi və istehsalı Los-Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Sənədli filmləri üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWS şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının hazırlanması ilə tanınır.