Xəbərlər
Müdafiə naziri Tərtərdə sakinlərlə görüşüb
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tərtər rayonuna səfər edib.
Nazir Tərtər şəhərində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Zakir Həsənov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhər sakinləri ilə görüş keçiriblər. Sakinlər nazirə ermənilərin iriçaplı silahlardan açdıqları atəş nəticəsində evlərə dəyən ziyan barədə məlumatlar veriblər. Müdafiə naziri bildirib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhəboyu yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını layiqincə alıb və düşmənə sarsıdıcı zərbələr endirib.
Ermənilərin törətdikləri cinayətlərin hesabını verəcəklərini deyən nazir bildirib ki, düşmənin layiqli cavabı verilib, atəş nöqtələri məhv edilib.
Sakinlər yüksək əhval-ruhiyyədə olduqlarını bildiriblər, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavab verdiyini deyiblər.