Xəbərlər
Gənclər və idman naziri: Bu forumlar gənclərin iştirakının ən yüksək səviyyədə təmin olunduğu mühüm platformadır
Dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşması qarşıda duran problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. BMT Sivilizasiyalar Alyansının forumları artıq ənənəvi hal alıb və bu, gənclərin iştirakının ən yüksək səviyyədə təmin olunduğu mühüm platformadır.
Bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunda çıxış edərkən deyib.
Azərbaycanda gənclər sahəsində mühüm tədbirlərin həyata keçirildiyini, ölkəmizin gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəklədiyini qeyd edən Azad Rəhimov bildirib ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə bu il Avropa Gənclər Paytaxtı seçilib.
Azərbaycanda, həmçinin digər beynəlxalq tədbirlərin, o cümlədən skautların forumunun da təşkil edildiyini diqqətə çatdıran nazir deyib: “Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Bu Fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir”.
Nazir qeyd edib ki, bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir.