Xəbərlər
Müdrik siyasi kursun tarixi nəticələri
Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri
1993-cü il oktyabrın 3-də qədirbilən xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Həmin gün ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevə etimad göstərdi, özünün Prezidenti seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etməklə, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmaqla, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu..
O, ilk gündən milli həmrəylik, dövlət intizamı və qanunun aliliyinin təmin olunmasını əsas prioritet kimi müəyyənləşdirdi. Məhz onun qətiyyəti sayəsində ölkədə siyasi sabitlik bərqərar olmağa başladı. 1993-cü ilin mürəkkəb hərbi-siyasi şəraitində Heydər Əliyev ordu quruculuğunu gücləndirməyə və nizami ordunun formalaşdırılmasına xüsusi diqqət yetirdi. Onun rəhbərliyi ilə atəşkəs razılaşmasına nail olunması və ordunun təşkilatlanması Azərbaycan dövlətçiliyi üçün həyati əhəmiyyət daşıyırdı.
Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub.
Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, Ulu Öndər Heydər Əliyev kimi fenomen bir şəxsiyyət ölkəyə rəhbərlik etdi. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Hər bir ölkənin inkişafında sabitliyin, iqtisadi tərəqqinin rolunu önə çəkən Ümummilli Lider dünyaya bəyan etdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır.
Dahi Lider öz əzmi və uzaqgörənliyi ilə qurub-yaratdığı şah əsəri hesab olunan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə etibar etmişdir. Məhz Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və müdrik sərkərdəliyi, ordumuzun gücü və qəhrəman oğullarımızın cəsarəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuş, bu tarixi Zəfər nəticəsində Qarabağın düşmən işğalından azad edilməsi gerçəkləşmişdir.
