Xəbərlər
Vətənə sədaqətli xidmət nümunəsi
Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri
3 oktyabr 1993-cü il tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi.
Azərbaycanın müasir siyasi tarixində Ümummilli Lider Heydər Əliyevin adı dövlətçilik, milli maraqlara sədaqət və Vətənə xidmət anlayışları ilə sıx bağlıdır. Onun siyasi fəaliyyəti Azərbaycan dövlətinin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm mərhələlərlə səciyyələnir.
1993-cü ilin 3 oktyabrında Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinin başlanğıcı qoyuldu. Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətin sükanı arxasına keçən Ulu Öndər hər şeyi sıfırdan başlayaraq, ölkədə ictimai-siyasi sabitliyin bərpası, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində qısa müddətdə inanılmaz nəticələrə nail oldu. Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətinə qarşı olan daxili və xarici qüvvələrin arzusunu ürəyində qoyan sipərə çevrildi. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Təkcə bir tarixi fakta nəzər yetirmək kifayətdir ki, Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən sonra bir neçə dövlət çevrilişi cəhdinin və Ermənistan silahlı qüvvələrinin xain hücumlarının qarşısı alındı. Çox qısa zamanda ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində ciddi irəliləyişlərə nail olundu. Bütün siyasi, hərbi və diplomatik gərginliklərə baxmayaraq, Ulu Öndər cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar edərək dövlətimizin sosial-iqtisadi yüksəlişinə yol açan ciddi islahatlara start verdi.
Ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli Heydər Əliyevin memarlığı ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə qoyuldu. Konstitusiya bütün dünyaya bir daha bəyan etdi ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının suveren hüququdur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.
Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.
Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə 200 illik tariximizin qələbə və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub.
