Xəbərlər
Qazaxıstan Parlament Senatının sədri Azərbaycana səfər edəcək
Azərbaycanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Qazaxıstan Respublikası Parlament Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşüb.
Spiker 2016-cı il aprelin 25–dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumda iştirak etmək üçün Azərbaycana səfər edəcəyini bildirib.
Kasım Jomart Tokayev Azərbaycan-Qazaxıstan əməkdaşlığının strateji xarakter daşıdığını vurğulayıb. Spikerinin sözlərinə görə, iki ölkənin parlamentariləri həm ikitərəfli səviyyədə, həm də MDB PA çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərirlər.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişaf istiqamətlərindən danışan səfir Rəşad Məmmədov xalqlarımızın tarixən dost və qardaş olduğunu qeyd edib. Qazaxıstanda və Azərbaycanda bir çox millətlərin sülh və qarşılıqlı etimad şəraitində yaşamasının zəngin tolerantlıq və multkulturalizm ənənələrindən irəli gəldiyini bildirib.
Xalqlarımızın tarixi, mədəni və ənənələri ilə bir-birinə sıx bağladığını qeyd edən diplomat hazırda iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyib, ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Tərəflər Azərbaycan və Qazaxıstanın mühüm geostrateji mövqeyə malik olduğunu və regional nəqliyyat dəhlizlərinin üzərində yerləşdiyini qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.