Xəbərlər
Daşkənddəki sharh.uz portalı 31 mart soyqırımından yazır
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki sharh.uz portalı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məqalə verib.
Portalın müxbiri Şərafəddin Tulaqanov yazır ki, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu gün Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-cı il martın 26-da imzaladığı Fərmanla təsis olunub. 2009-cu ildə Azərbaycanın Quba şəhərində soyqırımı məzarlığı aşkarlanıb və həmin yerdə xatirə kompleksi inşa edilib.
Erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində etnik təmizləmə siyasəti aparıldığını diqqətə çatdıran müxbir daha sonra yazır: “Hələ 1813-1828-ci illərdə Azərbaycan xalqına qarşı Qafqazda ayrı-seçkilik, işğal siyasəti başlanıb. 1905-1907-ci illərdə də bu qanlı cinayət davam etdirilib. Bundan sonrakı illərdə Stepan Şaumyanın rəhbərliyi ilə erməni daşnakları Bakıda 12 mindən çox azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetirib, onların əksəriyyəti yaşlı insanlar, uşaqlar, qadınlar olub”.
Qeyd olunur ki, Azərbaycan ərazisi olan Zəngəzur, Şamaxı, Qubada yüzlərlə kənd dağıdılıb, insanlar məhz azərbaycanlı olduğu üçün məhv edilib. Soyqırım Cənubi Azərbaycandan da yan keçməyib və orada 150 mindən artıq azərbaycanlı qətlə yetirilib. Ümumilikdə soyqırımı nəticəsində 700 minə yaxın azərbaycanlı öldürülüb.
Müəllif xatırladır ki, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti Sovet dövründə də müxtəlif formalarda davam etdirilib.