Xəbərlər
“Şəhidlərimizi unutmuruq”
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Şəhidlərimizi unutmuruq” mövzusunda anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində şəhid ailələri, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatları Hicran Hüseynova, Tahir Mirkişili, Mehriban Vəliyeva, Elnarə Akimova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt şəhəri üzrə qazisi Hacı Rauf Sərdarov, bir qrup Qarabağ qazisi, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən şəhid Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulduğunu və onların heç zaman unudulmayacağını bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt şəhəri üzrə qazisi Hacı Rauf Sərdarov çıxışında şəhidlik məqamının müqəddəsliyindən bəhs edib. O, Vətən uğrunda canından keçən şəhidlərin Allah dərgahında uca məqama sahib olduğunu vurğulayaraq, şəhidlərimizin əziz xatirəsinin yad edilməsinin, onların ailələrinə ehtiram və diqqət göstərilməsinin mühüm mənəvi dəyər daşıdığını bildirib. Hacı Rauf Sərdarov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, şəhidlərimizin fədakarlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir və onların qəhrəmanlığı gələcək nəsillərə nümunə olacaq.
Tədbirin rəsmi hissəsindən sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb, dualar oxunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
