Xəbərlər
Sahibə Qafarova: Ermənilər tarixin bütün dövrlərində soyqırımı siyasətindən qidalanıb, terroru özünün başlıca fəaliyyət prinsipinə, ideoloji dayağa çevirib
"1918-ci ilin 31 martında baş verən hadisələr erməni şovinistlərinin azərbaycanlılara qarşı əsrlərlə həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi idi. Bu mənfur siyasətin arxasında dayanan məqsəd isə Azərbaycanın tarixi torpaqlarının işğalı və bu ərazidə mifik "Böyük Ermənistan" dövləti yaratmaq ideyası idi. Bu hadisələr ermənilərin bu regiona köçürülməsi və burada məskunlaşdırılmasının nə qədər ağır nəticələr doğurduğunu bir daha göstərdi". Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova deyib. Sahibə Qafarova xatırladıb ki, ermənilər tarixin müxtəlif mərhələlərində azərbaycanlılara, türklərə qarşı terror siyasəti, genosid həyata keçirib: "1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən soyqırımı aktları, ikinci Dünya müharibəsindən sonra azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası və bu ərəfədə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi qırğınlar, o cümlədən, Sovet imperiyasının öz ömrünü başa vurduğu 80-ci illərin sonu, nəhayət, müstəqillik illəri, Dağlıq Qarabağda, Xocalıda, Qaradağlıda və digər Azərbaycan şəhər və rayonlarında ermənilərin törətdikləri soyqırımı aktları nəticəsində onminlərlə azərbaycanlı sırf milli mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirilib. Əlbəttə, bütün bunlar tarixin çox da uzaq olmayan və inkar olunmaz gerçəklikləridir. Və bir həqiqəti açıq şəkildə ortaya qoyur ki, ermənilər tarixin bütün dövrlərində soyqırımı siyasətindən qidalanıb, terroru özünün başlıca fəaliyyət prinsipinə, ideoloji dayağa çevirib".
Sahibə Qafarova deyib ki, hazırda terrorun dünyanı təhdid etdiyi, bu mövzunun öz aktuallığı ilə dünya siyasətini məşğul etdiyi indiki şəraitdə biz ermənilərin azərbaycanlılara və qeyri-ermənilərə qarşı həyata keçirdiyi soyqırımlarını, terror siyasətinin ağır nəticələrini dünyanın gündəminə daha fəal və ardıcıl şəkildə gətirməliyik. "Azərbaycan terrordan əziyyət çəkən ölkələr sırasındadır. Azərbaycanın dövlət müstəqilliyini sarsıtmağa, respublikanın ərazi bütövlüyünü təhdid etməyə, insanlarda qorxu, vahimə yaratmağa hesablanan terrorların mənbəyi rolunda ölkəmizə qarşı elan olunmamış müharibə aparan Ermənistan çıxış edir. Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini işğal edib, bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Artıq neçə illərdir ki, Ermənistan işğal altındakı nəzarətsiz ərazilərdən terrorçuların hazırlanması və təlim keçmələri, həmçinin narkotik yetişdirilməsi və tranziti məqsədilə istifadə edir. İşğal altındakı ərazilərdə Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması və yaxud özününküləşdirilməsinə cəhdlər göstərilməsi terrorun xüsusi bir formasıdır. Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistanda terrorun dəstəklənməsi ayrıca bir ideologiya kimi dövlət və milli səviyyəyə qaldırılıb", - deyə Sahibə Qafarova qeyd edib.