YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətləri həmişə sıx, səmimi olmuşdur

“Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etdiyinə görə Prezident Obamaya təşəkkürümü bildirmək istəyirəm. Biz bunu dostluq və tərəfdaşlıq əlaməti kimi qəbul edirik. Biz ikitərəli münasibətlərimizə yüksək dəyər veririk.

ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur. Cənab katibin qeyd etdiyi kimi, biz əvvəllər dəfələrlə görüşmüşük, lakin Vaşinqtonda ilk dəfədir görüşürük.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşdən əvvəl mətbuata bəyanatında səsləndirmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, aramızda inkişaf etməkdə olan iqtisadi əməkdaşlıq aparılır. ABŞ şirkətləri iqtisadiyyatımıza 10 milyard dollardan artıq sərmayə yatırmışdır. Bu da iqtisadi əməkdaşlığın, həmçinin ölkəmizin inkişafının yaxşı göstəricisidir. Biz ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə birlikdə icra etmişik. İndi isə cənab katibin qeyd etdiyi kimi, biz “Cənub Qaz Dəhlizi” layihəsi üzərində birlikdə işləyirik. Bu, enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və həmin layihəyə cəlb olunmuş bütün tərəflərə - istehsalçı, tranzit və istehlakçı ölkələrə uzunmüddətli fayda verən bir layihədir. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi. İşlər vaxt cədvəlinə uyğun gedir, işlər vaxtında icra olunacaq və 2-3 il ərzində “Cənub Qaz Dəhlizi” layihəsi işlək olacaqdır.

“Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişə, post-sovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır.”-deyə, Prezident İlham Əliyev qeyd etmişdir.