YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət erməni yalanlarının ifşasında əhəmiyyətli nəticələr verir

«Ermənilərin iki yüz il ərzində xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti azərbaycanlıları tarixi torpaqlarından qovmaq və xaricdəki havadarlarının köməyi ilə bu torpaqlarda erməni dövləti yaratmaq məqsədi daşıyıb. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında qeyd edildiyi kimi, Azərbaycanın XIX—XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Onilliklər boyu davam edən soyqırımı siyasəti ümumi ideoloji təcavüzlə, türk və Azərbaycan xalqlarına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunub». Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, 31 mart hadisələri zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açıb. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başlayıblar. Alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı həddindən artıq çox idi. Bu qətliam zamanı erməni millətçiləri heç kimə rəhm etməyiblər. Qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetiriblər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının da hamısını yandırıblar.

«Hazırda ölkəmizdə bu hadisələrin geniş tətdiq olunması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparılır. Bu prosesdə Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması haqqında Fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanlıların  soyqırımı günü ilə əlaqədar dünyanın bir sıra ölkələrində tədbirlər keçirilir. Bu tədbirlər nəticəsində nəticəsində dünya ictimaiyyəti əsl həqiqətləri öyrənir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət erməni yalanlarının ifşasında əhəmiyyətli nəticələr verir və məhz bu siyasətin ardıcıllığı qarşıya qoyduğu hədəflərə nail olmaqdadır»- deyə, Y.Mahmudov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv