Xəbərlər
Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadəyə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 85 illik yubileyi münasuibətilə Xalq şairi Nəriman Həsənzadəyə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ədəbiyyat aləminə gəldiyiniz ilk günlərdən Siz Azərbaycan poeziyasının çoxəsrlik ənənələrini davam etdirərək xalqımızın şeir xəzinəsinə layiqli töhfələr verən lirik şair kimi tanınmısınız. Sizin özünəməxsus üslubu və dəst-xətti ilə seçilən və klassik ədəbiyyatımızın, folklorun zəngin imkanlarından faydalanan yaradıcılığınız dərin səmimiyyəti, xəlqiliyi və bədii-estetik kamilliyi ilə səciyyələnir. Doğma təbiətin gözəlliklərini tərənnüm edən şeirlərinizin vətənpərvərlik hisslərinin təlqin edilməsində və Vətənin yaddaşlara həkk olunan parlaq obrazının yaradılmasında xüsusi rolu vardır. Dramaturgiya və nəsr sahəsində fəaliyyətiniz tarixi mövzuları ehtiva etməklə yanaşı, cəmiyyət üçün olduqca böyük əhəmiyyətə malik insan münasibətlərini, milli-mənəvi dəyərləri və yüksək humanizmi özündə əks etdirir.
Sizin elmi-publisistik məqalələriniz də ədəbi ictimaiyyət tərəfindən daim böyük rəğbətlə qarşılanmışdır. Şeirlərinizə bəstələnən çoxsaylı nəğmələr isə şöhrətinizi artıraraq, eyni zamanda, Azərbaycanın musiqi mədəniyyətini daha da zənginləşdirmişdir. Dolğun və çoxşaxəli ədəbi-mədəni, ictimai-siyasi fəaliyyətiniz ərzində qazandığınız nailiyyətlər təqdirə layiqdir. Əminəm ki, Siz bundan sonra da yeni əsərlərinizlə sənətsevərlərə sevinc və töhfələr bəxş edəcəksiniz”.