Xəbərlər
Füzuli – qəhrəmanlıq tariximizin və Böyük Qayıdışın rəmzi
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Hər bir şəhərin tarixində onun taleyini dəyişən, yaddaşlarda əbədi yaşayan günlər var. Füzuli üçün 17 oktyabr məhz belə bir tarixdir. Bu gün xalqımızın yaddaşında illərlə davam edən həsrətin sona çatdığı, tarixi ədalətin bərpa olunduğu və doğma torpaqlarımıza qayıdışın yeni mərhələsinin başlandığı gün kimi yaşayır. Füzuli Şəhəri Günü Azərbaycan xalqının sarsılmaz iradəsinin, ordumuzun qəhrəmanlığının, milli birliyimizin və dövlətimizin gücünün təcəssümüdür.
Füzuli şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, uzun illər ərzində doğma yurdlarından didərgin düşmüş sakinlər ağır məhrumiyyətlərlə üzləşmişlər. İşğal dövründə şəhər və rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsə ciddi ziyan vurulmuş, bir vaxtlar insanların yaşadığı ərazilər xarabalığa çevrilmişdir. Lakin bütün bunlar füzulililərin doğma torpağa bağlılığını, qayıdış ümidini və Azərbaycan xalqının tarixi ədalətə inamını sarsıda bilmədi. İllər boyu hər bir azərbaycanlının qəlbində yaşayan əsas arzu işğal altındakı torpaqlarımızın azad edilməsi, üçrəngli bayrağımızın doğma şəhər və kəndlərimizdə dalğalanması idi.
Bu arzunun gerçəkləşməsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, düşünülmüş strategiyası və uzaqgörən dövlətçilik siyasəti mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə gücləndi, ordumuzun döyüş qabiliyyəti artırıldı, müdafiə potensialımız möhkəmləndirildi. Dövlətimizin başçısının illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün zəruri siyasi, iqtisadi və hərbi zəmin yaratdı. Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı bu strategiyanın tarixi nəticəsini ortaya qoydu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu böyük əzmkarlıqla irəliləyərək düşmənin müdafiə xətlərini yarıb keçdi. Oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi müharibənin ən mühüm hərbi və strateji uğurlarından biri oldu. Füzuli uğrunda ağır döyüşlər aparıldı, hər bir mövqe böyük fədakarlıq və qəhrəmanlıq hesabına əldə edildi. Azərbaycan əsgərinin peşəkarlığı, cəsarəti və torpaq sevgisi nəticəsində şəhərimiz azadlığına qovuşdu. Bu qələbə yalnız bir şəhərin azad edilməsi deyildi; o, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş nöqtəsi, xalqımızın iradəsinin və dövlətimizin gücünün parlaq ifadəsi idi.
Füzulinin azad olunmasından sonra Prezident İlham Əliyevin şəhərə səfəri, burada Azərbaycan bayrağını ucaltması tarixi yaddaşımıza həkk olunan unudulmaz hadisələrdəndir. Dövlətimizin başçısı işğaldan azad edilmiş şəhərin dağıntılarını gördükdən sonra tarixi-mədəni irsimizə və yaşayış məntəqələrimizə vurulmuş ziyanın bütün dünyaya göstərilməsinin vacibliyini vurğuladı. Prezidentin Füzulidə səsləndirdiyi fikirlər bir tərəfdən işğalın acı nəticələrini, digər tərəfdən isə xalqımızın doğma torpaqlara qayıtmaq əzmini nümayiş etdirirdi. Dövlət başçısının verdiyi mesaj aydın idi: Azərbaycan öz torpaqlarına qayıdıb və bu ərazilərdə həyat yenidən qurulacaq.
Prezident İlham Əliyevin Füzuliyə sonrakı səfərləri şəhərin bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bir daha nümayiş etdirdi. 2021-ci il oktyabrın 17-də dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Füzulidə bir
sıra layihələrin təməlqoyma mərasimlərində iştirak etdilər. Füzuli şəhərinin və Memorial Kompleksin təməl daşının qoyulması, yaşayış binalarının, yolların, sosial və kommunal infrastrukturun yaradılması istiqamətində işlərə başlanılması şəhərin yeni inkişaf mərhələsinin əsasını qoydu. Füzuli Beynəlxalq Hava Limanının yaradılması isə işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələri və beynəlxalq nəqliyyat əlaqələri ilə birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Bu layihələr Füzulinin gələcəkdə müasir şəhər kimi inkişafına hesablanmış dövlət proqramının tərkib hissəsidir.
Dövlətimizin başçısının Füzuli ilə bağlı çıxışlarında xüsusi yer tutan məsələlərdən biri doğma yurdlarına qayıdan insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsidir. Şəhərin yenidən qurulması yalnız dağıdılmış binaların bərpası ilə məhdudlaşmır. Burada müasir yaşayış mühiti yaradılır, təhsil və digər sosial xidmətlərin təşkili, yol və kommunikasiya infrastrukturunun qurulması, insanların məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Məqsəd Füzulini yenidən insanların doğma evi, gələcəyə inamla baxdığı, uşaqların böyüdüyü, ailələrin qurulduğu və iqtisadi fəallığın yüksəldiyi müasir yaşayış məkanına çevirməkdir.
2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışına başlanılması bu istiqamətdə əldə edilən mühüm nailiyyətlərdəndir. Elə həmin il oktyabrın 17-də Füzuli Şəhəri Günü münasibətilə şəhərə köçmüş sakinlərlə görüşən Prezident İlham Əliyev onların doğma yurda qayıdış sevincinə şərik oldu. Dövlət başçısının işğal dövründə dəfələrlə səsləndirdiyi, bir gün füzulililərin onu doğma şəhərlərində qarşılayacaqları ilə bağlı fikirlərin gerçəkləşməsi tarixi bir an idi. Bu görüş Böyük Qayıdışın yalnız dövlət proqramı deyil, həm də uzun illər yurd həsrəti çəkmiş insanların arzularının həyata keçməsi olduğunu göstərdi.
Füzulinin işğaldan azad olunması gününün əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu qərar tarixi qələbəmizin əbədiləşdirilməsi, gələcək nəsillərin azadlıq mübarizəmiz və qəhrəmanlıq salnaməmiz haqqında məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Füzuli Şəhəri Günü həm şəhidlərimizin əziz xatirəsinə ehtiramın, həm qazilərimizin fədakarlığının, həm də xalqımızın milli birliyinin ifadəsidir.
Bu gün Füzuli yeni inkişaf və quruculuq mərhələsini yaşayır. Vaxtilə xarabalığa çevrilmiş şəhərdə müasir yaşayış binaları, yollar, ictimai məkanlar və sosial infrastruktur yaradılır. İşğalın ağır izləri tədricən aradan qaldırılır, doğma yurda qayıdan sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Füzulidə həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın öz gücünə, imkanlarına və gələcəyinə olan inamının göstəricisidir. Bu quruculuq prosesi həm də onu təsdiq edir ki, xalqımız dağıntıların yerində yeni həyat qurmaq, tarixi torpaqlarını dirçəltmək əzmindədir.
