Xəbərlər
Ölkəmiz qlobal həmrəyliyin gücləndirilməsində fəal rol oynayır
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Zirvə Görüşündə Azərbaycanın son iki ildə təşkilatın institusional potensialının gücləndirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirildi, Asiyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və rəqəmsal bağlantıların inkişafı, eləcə də çoxtərəfli əməkdaşlığın gələcək istiqamətləri müzakirə olundu. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın sədrliyi dövründə görülən işləri “Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir” fikirləri ilə xarakterizə etdi. Onu da vurğuladı ki, bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.
Qeyd edək ki, Bakı Zirvə Görüşü üzv dövlətlərin yekdil dəstəyi ilə Azərbaycanın təşkilata sədrlik müddətinin iki il uzadılması ilə yadda qaldı. Qərara əsasən, Azərbaycan 2026-2028-ci illərdə də AQEM-ə sədrlik edəcək. Bu qərar ölkəmizin təşkilat çərçivəsində fəaliyyətinin davam etdirilməsi və üzv dövlətlərin Azərbaycanın sədrliyinə verdiyi dəstəyin ifadəsi kimi qiymətləndirilir. Tədbirdə çıxış edən dövlət və hökumət nümayəndələri Bakının ev sahibliyi etdiyi tədbirin ən yüksək səviyyədə təşkil olunmasını, ölkəmizin dialoqun inkişafına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi mühüm töhfələri xüsusi vurğuladılar.
Dövlətimizin başçısı İlham Əliyev çıxışında Azərbaycanın reallıqlarından, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlardan geniş bəhs etdi. Vurğuladı ki, Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir.
Diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəldən cənab İlham Əliyev qeyd etdi ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı.
Dövlətimizin başçısı bildirdi ki, müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Azərbaycan hər zaman beynəlxalq hüququn əsas prinsiplərini, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünü öz xarici siyasətinin təməl sütunu hesab edir və qlobal həmrəyliyin gücləndirilməsində fəal rol oynayır.
