Xəbərlər
Azərbaycanın sülhə, təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfələrinin təqdimatı
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Oktyabrın 15-də Azərbaycanın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirilən çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Bu Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal həmrəyliyə verdiyi töhfələrin davamlılığının təsdiqi oldu. Azərbaycanın təşkilata sədrlik müddətinin iki il uzadılması, Laosun üzv dövlət qəbul edilməsi, Bakı Bəyannaməsinin təsdiqlənməsi və sair kimi mühüm məqamlar Bakı Zirvə Görüşünün özəlliyinin nümayişi oldu. Azərbaycanın son iki ildə təşkilata sədrliyi müddətində gördüyü işlərin miqyası olduqca genişliyi ilə diqqətdə oldu. Cənab İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın AQEM-ə 2028-ci ilədək sədrliyini dəstəklədiyini bildirdi. O, Azərbaycanın sədrliyi dövründə gördüyü işləri və təşkilatın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirdi. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın AQEM-ə sədrliyinin xüsusi əhəmiyyət daşıdığını, ölkəmizin bu müddətdə Asiyada qarşılıqlı fəaliyyətin genişləndirilməsi və etimad quruculuğunun gücləndirilməsi istiqamətində mühüm rol oynadığını bildirdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğuladı ki, Azərbaycan həm iqtisadi inkişaf, həm də beynəlxalq və qarşılıqlı münasibətlərin genişləndirilməsi baxımından AQEM-in potensialının reallaşdırılmasına mühüm töhfə verir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev AQEM-in Asiyada qarşılıqlı etimadın möhkəmləndirilməsində rolunun artırılmasının vacibliyini vurğuladı. Tacikistan Prezidenti Emoməli Rəhmon ortaq məqsədlərə yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma şəraitində nail olmağın mümkünlüyünü qeyd etdi. Çıxışların hər birində Azərbaycanın davamlı uğurları, sabitlik və təhlükəsizlik məkanı kimi nüfuz qazanması, daim beynəlxalq hüququn yanında olması təqdir edildi. Digər dövlət və hökumət nümayəndələrinin çıxışlarında da Azərbaycanın AQEM-ə sədrliyi yüksək qiymətləndirildi. Bakının ev sahibliyi etdiyi tədbirin ən yüksək səviyyədə təşkil olunması xüsusi vurğulandı. Ölkəmizin dialoqun inkişafına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi mühüm töhfələr önə çəkildi. Azərbaycanın sədrliyinə verilən dəstək, qarşılıqlı etimadın möhkəmləndirilməsi, regional sülh və təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat və rəqəmsal bağlantılar, eyni zamanda, AQEM-in institusional inkişafı əsas istiqamətlər kimi önə çıxarıldı.
Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq tədbirlərə yüksək təşkilatçılıq təcrübəsinə malik olduğunu da nümayiş etdirdi. Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir mövcud reallıqlarımızın, eyni zamanda, ölkəmizin regionda və dünyada baş verən hadisələrlə bağlı mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev çıxışında Azərbaycanın hər zaman dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olduğunu önə çəkərək diqqəti müstəqilliyimizin bərpasından ötən 35 ilin reallıqlarına yönəltdi. Bildirdi ki, Azərbaycan bu müddətdə davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Beynəlxalq səviyyədə tanınmış ərazilərimizin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Bakı Zirvə Görüşü dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltməklə yeni mərhələnin inkişaf strategiyasını bu platformadan çatdırdı. Sammitdə müxtəlif dünya ölkələrinin yüksəksəviyyəli nümayəndələri tərəfindən səsləndirilən fikirlər ölkəmizin geniş coğrafiyada etibarlı tərəfdaş rolunu, dünyada sülhə, təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfəsini bir daha təsdiqlədi.
