Xəbərlər
Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi daha böyük rol oynayır
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır. Asiyanın qlobal iqtisadiyyat, beynəlxalq ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və texnoloji inkişaf proseslərində artan rolu AQEM-in əhəmiyyətini daha da yüksəldir. Müxtəlif maraqların və mövqelərin təmsil olunduğu belə bir mühitdə əsas məsələ yalnız dövlətləri vahid platformada birləşdirmək deyil, həm də həmin birliyi konkret nəticələrə, davamlı əməkdaşlıq mexanizmlərinə və ortaq fəaliyyət istiqamətlərinə çevirməkdir. Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın diplomatik mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, Asiyada iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional bağlantıların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı İlham Əliyev Zirvə Görüşündəki çıxışında “İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik” söyləyərək coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynadığını xüsusi vurğuladı. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir.
Cənab İlham Əliyev hər bir çıxışında diqqəti 30 illik işğal dövrünün reallıqlarına, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə, 44 günlük İkinci Qarabağ müharibəsini, həmçinin bir günlük antiterror tədbirlırini şərtləndirən amillərə, hazırda azad Qarabağda və Şərqi Zəngəzurda geniş miqyas alan bərpa-quruculuq işlərinə yönəldir. Bu baxımdan sözügedən çıxışı da diqqətdə oldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir.
BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. 2020-ci ilin Vətən müharibəsi 44 gün davam etmişdir. Bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı. Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi. Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi. Cənab İlham Əliyev bu çağırışı etdi ki, işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər: “Mən bu məsələ üzərində ətraflı dayandım, çünki bu, qlobal əhəmiyyət daşıyır. BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”.
Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin, mövcud imkanlarımızın, ölkəmizin regionda və dünyada möhkəmlənən mövqeyinin təqdimatıdır. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycan regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etməklə yeni körpülərin qurulmasına yol açır.
