Xəbərlər
YAP Beyləqan rayon təşkilatı müşavirələr keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatı tərəfindən “Beyləqan şəhər 4 saylı” və “Telekommunikasiya” Ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt, zəngin dövlətçilik təcrübəsi və xalqın etimadı əsasında formalaşaraq Azərbaycanın müasir tarixində özünəməxsus yer tutmuşdur. Partiyanın yaradılması ölkəmizin mürəkkəb ictimai-siyasi şəraitində sabitliyin təmin olunması, müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım idi. Bu gün həmin siyasi irs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını təşkil edən ideoloji prinsiplər milli maraqlara sədaqət, dövlət müstəqilliyinin qorunması, xalqla dövlət arasında möhkəm birliyin təmin edilməsi və Azərbaycanın davamlı inkişafına xidmət etməkdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin və inkişafın təməli qoyulmuş, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlmişdir.
Bu siyasi irsin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir partiya üzvünün vətənpərvərlik məsuliyyətidir. VIII Qurultayın əhəmiyyəti də məhz bu prinsiplərin müasir dövrün tələbləri ilə uzlaşdırılması, qarşıya qoyulan vəzifələrin müəyyənləşdirilməsi və siyasi həmrəyliyin daha da gücləndirilməsi baxımından qiymətləndirilə bilər.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov, Beyləqan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Hümbət Pəsiyev, “Beyləqan şəhər 4 saylı” Ərazi partiya təşkilatının sədri Xəqani Hüseynov, Beyləqan Telekommunikasiya şöbəsinin müdiri Şəmistan İbrahimov, Beyləqan rayon Mədəniyyət Mərkəzinin direktoru Fikrət Ağayev çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsas istiqamətlərini əhatə edir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ənənələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlər, güclənən iqtisadi potensial və genişlənən beynəlxalq əlaqələr ölkəmizin müasir inkişaf modelinin əsasını təşkil edir. Bu gün Azərbaycanın qarşısında duran başlıca vəzifə tarixi nailiyyətləri qorumaq, dövlət müstəqilliyini və təhlükəsizliyini daha da möhkəmləndirmək, iqtisadi inkişafı sürətləndirmək və əhalinin rifahını yüksəltməkdir. Milli birlik, siyasi iradə və güclü dövlətçilik bu hədəflərə çatmağın əsas şərtləridir.
