Xəbərlər
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni dövrün əsas hədəflərini müəyyənləşdirir
Nazim İsmayılov
YAP Veteranlar Şurasının üzvü
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın ötən beşillikdə görülən işlərin hesabatı dinlənilib və qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışı, səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi mürəkkəb və şərəfli tarixi yolun, əldə etdiyi böyük Zəfərin və qarşıda duran yeni hədəflərin mahiyyətini aydın şəkildə ifadə etdi. VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı da çıxışında qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayıb.
Dövlətimizin başçısının çıxışında Azərbaycanın tarixi Zəfərinə və suverenliyinin tam bərpasına xüsusi yer ayırması da təsadüfi deyil. Prezident İlham Əliyev bildirdi ki, 8 Noyabr Azərbaycanın əbədi bayramı olacaq, 20 Sentyabr da eyni əhəmiyyət daşıyır. 2020-ci ildə qazanılan Zəfərin ardınca 2023-cü il sentyabrın 20-də Azərbaycanın separatizmə son qoyması və ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi ölkəmizin tarixində yeni səhifə açdı. Hesab edirəm ki, bu iki hadisə müasir Azərbaycan tarixinin bir-birini tamamlayan mühüm mərhələləridir.
Ölkə başçısı çıxışında xüsusi vurğuladı ki, Azərbaycanın qətiyyəti, dönməz fəaliyyəti, siyasi addımları və ən başlıcası, xalqın vahid mövqedə olması bütün bəd niyyətləri alt-üst edib. Xalqın yumruq kimi birləşərək öz haqqını tələb etməsi və dövlət rəhbərliyinin bu şərəfli missiyanı yerinə yetirməsi bizim tariximizin mühüm reallığıdır. Burada ən əsas məqam xalqın və dövlətin eyni məqsəd ətrafında birləşməsidir. Çünki qarşıya qoyulan tarixi məqsədlərin reallaşdırılması üçün yalnız siyasi iradə deyil, həm də ümummilli həmrəylik lazım idi.
Prezident İlham Əliyevin çıxışında partiyanın tarixi missiyasına xüsusi qiymət verməsi də mühüm məqam kimi diqqət çəkir. Dövlətimizin başçısı Azərbaycanın qələbələrinin başlanğıc tarixinin YAP-ın təsis konfransından keçdiyini bildirdi. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis konfransının həmin dövrün ictimai-siyasi tələbatından doğduğunu vurğulayan Prezident, Ulu Öndər Heydər Əliyevin ətrafında Azərbaycanın gələcəyini düşünən insanların birləşməsini xüsusi qeyd etdi. Bu fikir YAP-ın yaranmasının ölkənin mürəkkəb siyasi şəraitində mühüm hadisə olduğunu göstərir. Həmin dövrdə dövlət idarəçiliyində və siyasi həyatda yaşanan ciddi böhran fonunda yeni siyasi qüvvəyə ehtiyac yaranmışdı. O dövrün hadisələrinə nəzər saldıqda Azərbaycanın ağır sınaqlardan keçdiyi aydın görünür. Torpaqların işğalı, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik və vətəndaş qarşıdurması ölkənin gələcəyi üçün ciddi təhlükələr yaratmışdı. Prezidentin çıxışında bu tarixi proseslərə toxunması ona görə əhəmiyyətlidir ki, bugünkü Azərbaycanın hansı başlanğıc nöqtəsindən keçərək formalaşdığını unutmamağın vacibliyini göstərir. Tarixi düzgün dərk etmək bu gün əldə olunan nailiyyətlərin qiymətini daha yaxşı anlamağa imkan verir. Prezident İlham Əliyev “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın” fikrini səsləndirdi. Bu fikir Ulu Öndərin dövlət idarəçiliyində qətiyyətinin və siyasi iradəsinin nə qədər mühüm rol oynadığını ifadə edir. Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər saldıqda onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri aydın görünür.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etmiş dörd rəhbərdən üçü ölkənin ən çətin günlərində Bakını tərk etmişdi. Onlardan ikisi Moskvaya, biri isə Kələkiyə getmişdi. Faktiki olaraq müharibə şəraitində olan və erməni təcavüzü ilə üz-üzə qalan ölkə və xalq ağır vəziyyətdə tək buraxılmışdı.
Dövlət başçısı vurğulayıb ki, həmin dörd rəhbərdən biri Ermənistan-Azərbaycan münaqişəsi başlamazdan əvvəl sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edildiyinə görə Bakıda qalmışdı. Prezident bu tarixi “utancverici tarix” kimi xarakterizə edərək, keçmişdə baş verənlərin unudulmamasının və gənc nəslin bu reallıqları bilməsinin vacibliyini diqqətə çatdırıb.
Belə bir mürəkkəb tarixi mərhələdə Heydər Əliyevin siyasi səhnəyə qayıdışı Azərbaycan üçün məsuliyyətli rəhbərliyin və dövlətçilik iradəsinin bərpası demək idi. Ulu Öndərin ən ağır günlərdə xalqın yanında olması, dövlətçiliyin qorunması naminə məsuliyyəti üzərinə götürməsi onun siyasi liderliyinin əsas xüsusiyyətlərindən biri kimi tarixə düşdü. Prezident İlham Əliyevin də vurğuladığı kimi, liderin vəzifəsi dövləti qorumaq və ən çətin anlarda xalqla bir yerdə olmaqdır.
Dövlətimizin başçısı həmçinin Ulu Öndərin siyasi xəttinin dəyişməz olaraq qaldığını bildirdi. Bu fikir Azərbaycanın bugünkü inkişafının siyasi əsaslarını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xəttinin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb.
Prezident İlham Əliyev Azərbaycanın bu gün beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkə olduğunu vurğuladı. Bu fikrin arxasında Azərbaycanın son onilliklərdə keçdiyi böyük inkişaf yolu dayanır. Dövlətimizin müstəqil siyasət yürütməsi, milli maraqlarını müdafiə etməsi və müxtəlif beynəlxalq platformalarda fəal iştirak etməsi ölkəmizin xarici siyasətdə mövqeyinin möhkəmlənməsinə şərait yaradıb.
Dövlətimizin başçısı qarşıda duran əsas vəzifələrdən birinin hərbi gücümüzün artırılması olduğunu bildirdi. İlk baxışda Azərbaycanın artıq tarixi Zəfər qazanması fonunda bu məsələnin xüsusi vurğulanması diqqət çəkə bilər. Lakin dünyada və regionda təhlükəsizlik vəziyyətinin daim dəyişməsi göstərir ki, dövlət üçün güclü müdafiə imkanlarının qorunması və inkişaf etdirilməsi davamlı prosesdir. Buna görə də hərbi gücün artırılması dövlət təhlükəsizliyinin təmin olunmasının mühüm istiqamətlərindən biridir.
Prezident İlham Əliyev bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin və müharibənin olmadığını, sərhədlərdə sakitliyin hökm sürdüyünü bildirdi. Eyni zamanda, istənilən hərbi təxribata cavab verməyə hazır olmağın vacibliyini xüsusi qeyd etdi. Bu iki məqam birlikdə Azərbaycanın sülhə və sabitliyə önəm verdiyini, eyni zamanda dövlət təhlükəsizliyinin qorunmasına daim hazır olduğunu göstərir. Bu yanaşma bölgədə əldə olunan yeni reallıqların qorunması baxımından əhəmiyyətlidir.
Bu gün Azərbaycan xalqı təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır. Ölkə başçısı çıxışında Azərbaycan gücləndikcə ona qarşı müxtəlif təzyiqlərin də ola biləcəyini qeyd edərək bildirdi ki, ölkəmiz özünə qarşı yönələn heç bir təzyiqi cavabsız qoymur: “Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq”. Dövlətimizin başçısının bu fikri Azərbaycanın öz milli maraqlarını və təhlükəsizliyini qətiyyətlə qoruduğunu göstərən mühüm mesajdır. Burada əsas məqam Azərbaycanın heç bir təzyiq qarşısında geri çəkilməməsi, dövlətin təhlükəsizliyinə və müstəqilliyinə yönələn təhdidlərə
adekvat cavab vermək gücünə malik olmasıdır. Eyni zamanda, Prezidentin fiziki təhlükələrlə yanaşı, ideoloji risklərə də diqqət çəkərək ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulaması göstərir ki, dövlət təhlükəsizliyi yalnız hərbi güclə deyil, həm də milli birlik və cəmiyyətin ideoloji dayanıqlığı ilə bağlıdır. Prezident İlham Əliyev ideoloji sahədə YAP fəallarının fəaliyyətini Azərbaycan reallıqlarının, ölkədə görülən işlərin və müsbət dəyişikliklərin cəmiyyətə çatdırılmasına xidmət etməli olduğunu bildirdi. Düşünürəm ki, bu, partiya fəalları qarşısında mühüm məsuliyyət qoyur. Ölkəmizin keçdiyi tarixi yol, Zəfər, suverenliyin bərpası və quruculuq prosesi barədə cəmiyyətə düzgün və obyektiv məlumatların çatdırılması ictimai məlumatlılığın artmasına xidmət edir.
Xarici siyasətlə bağlı Prezident İlham Əliyevin fikirləri də xüsusi diqqət çəkir. Dövlətimizin başçısı xarici siyasətin elə qurulmasının vacibliyini vurğuladı ki, heç kim Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməsin. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və milli maraqlarını əsas götürməsi dövlət suverenliyinin mühüm göstəricisidir. Bu siyasətin əsasında qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqlar dayanır. Ölkə başçısı çıxışında İslam həmrəyliyinin gücləndirilməsində Azərbaycanın birləşdirici roluna diqqət çəkməsi ölkəmizin müsəlman dünyası ilə əlaqələrinə verilən önəmi nümayiş etdirir. Azərbaycanın D-8-ə üzv olması da bu istiqamətdə mühüm hadisələrdən biridir. Ölkəmizin İslam dünyası ilə əməkdaşlığının genişlənməsi həm siyasi, həm iqtisadi, həm də humanitar əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır.
Prezidentin çıxışında Azərbaycanın Zəfərə gedən yolunun hansı mürəkkəb beynəlxalq şəraitdə keçdiyinə dair fikirlər də səsləndi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan öz imkanlarına, o cümlədən hərbi potensialına böyük ölçüdə özü investisiya edib. Bu məqam göstərir ki, müstəqil dövlət üçün öz iqtisadi və müdafiə imkanlarını formalaşdırmaq strateji əhəmiyyət daşıyır. Azərbaycanın yerli müdafiə sənayesinin yaradılması və hərbi imkanlarının genişləndirilməsi də uzunmüddətli dövlət siyasətinin nəticələrindən biridir.
Ölkə başçısı qazanılan uğurlara öz gücümüzlə nail olunmasına xüsusi önəm vermişdir.O, qeyd etmişdir ki, 2003-cü ildən Respublikaya rəhbərlik etdiyi ötən 23 ildə ölkəmizə heç bir xarici dövlət təmənnasız kömək etməmişdir. Prezident çıxışında xüsusi vurğulamışdır ki, Azərbaycan nə qədər silahlanıb, yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir.
Prezident İlham Əliyev sosial məsələlərə də xüsusi diqqət ayıraraq gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirdi. Dövlət siyasətində iqtisadi inkişafın əsas məqsədlərindən biri də əldə olunan imkanların əhalinin rifahına müsbət təsir göstərməsidir. Sosial ödənişlərin artırılması və əhalinin gəlirlərinin yüksəldilməsi insanların sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm istiqamətdir.
Azərbaycanın enerji potensialı ilə bağlı səsləndirilən fikirlər də ölkəmizin iqtisadi imkanlarını göstərir. Prezident qeyd etdi ki, Azərbaycan bütün növ enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdəndir. Bu potensial ölkəmizin iqtisadi inkişafında mühüm rol oynamaqla yanaşı, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyindəki rolunu da gücləndirir. Yeni layihələr və investisiyalar enerji sektorunun imkanlarının genişləndirilməsi üçün əlavə şərait yaradır. İnvestisiya forumları çərçivəsində imzalanmış kontraktların bir qisminin neft və qaz hasilatının artırılmasına gətirib çıxaracağı barədə fikirlər isə enerji sektorunun gələcək inkişaf perspektivlərinə diqqət çəkir. Bu, Azərbaycanın enerji potensialından daha səmərəli istifadə etməklə yanaşı, ölkəyə yeni investisiyaların cəlb olunması baxımından da əhəmiyyətlidir.
Dövlətimizin başçısının Azərbaycanın ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilməsi barədə fikri də ölkəmizin son illərdə qazandığı mövqelərin ifadəsidir. Bu gün Azərbaycan həm regionda, həm də daha geniş beynəlxalq məkanda müxtəlif siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrində fəal iştirak edir. Ölkəmizin artan imkanları onun regional proseslərdəki rolunun da genişlənməsinə şərait yaradır. Nəhayət, Prezident İlham Əliyev öz çıxışında “Böyük Qayıdış”ın da bundan sonrakı illərdə daha da sürətlə gedəcəyini bildirdi. Bu fikir Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin ən mühüm məqsədlərindən birini ifadə edir. İşğaldan azad edilmiş ərazilərin bərpası, yeni şəhər və kəndlərin salınması, insanların doğma yurdlarına qayıdışı Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinin əsas istiqamətlərindəndir.
Ümumilikdə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolu, bu gün malik olduğu imkanları və qarşıda duran vəzifələri bir bütöv şəkildə təqdim etdi. Qurultayda YAP-ın siyasi fəaliyyətinə, xalq-iqtidar birliyinə, dövlətimizin təhlükəsizliyinə, xarici siyasətə, iqtisadi və sosial inkişaf məsələlərinə, Böyük Qayıdış prosesinə xüsusi önəm verilməsi onu göstərir ki, Azərbaycanın yeni mərhələdə qarşısında genişmiqyaslı hədəflər dayanır. Bu sahədə Yeni Azərbaycan Partiyasının hər bir üzvünün də üzərinə mühüm vəzifələr düşür.
