YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

VIII Qurultay: gələcəyə yönələn siyasi strategiya

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız daxili partiya tədbiri kimi deyil, ölkənin siyasi gündəliyinə istiqamət verən mühüm hadisə kimi qiymətləndirilir. Azərbaycan Prezidenti, partiyanın Sədri İlham Əliyevin burada səsləndirdiyi çıxış həm keçilmiş yolun yekunlarını ümumiləşdirdi, həm də gələcək illərin əsas prioritetlərini aydın şəkildə müəyyənləşdirdi. Dövlət başçısı vurğuladı ki, qurultay ilk dəfə ərazi bütövlüyü və suverenlik tam bərpa edildikdən sonra keçirilir və bu fakt müzakirələrə tamamilə fərqli məzmun gətirir. Onun sözlərinə görə, partiya Cənubi Qafqazın ən nüfuzlu siyasi qüvvəsidir; müxalifət təşkilatı kimi yaranmış bu qurum otuz ildən artıqdır ki, hakimiyyət məsuliyyətini daşıyır və ölkənin son illərdəki uğurlarında partiya fəallarının əməyi böyükdür.

Çıxışda Zəfər mövzusu xüsusi yer tutdu. Prezident 8 Noyabr və 20 Sentyabr tarixlərini xalqın yaddaşında əbədi bayram kimi qalacaq iki dönüş nöqtəsi adlandırdı, şəhidlərin xatirəsini ehtiramla yad etdi. İlham Əliyevin qiymətləndirməsinə görə, bu qələbələr beynəlxalq təcrübədə presedent xarakteri daşıyır, çünki böyük güc mərkəzlərinin müqaviməti və kənar dəstəyin yoxluğu şəraitində, yalnız öz imkanlarımıza arxalanaraq əldə olunub. Dövlət başçısı xatırlatdı ki, Minsk qrupu münaqişənin həllindən çox onun dondurulmasına xidmət edirdi, 44 günlük müharibə dövründə isə həm açıq, həm qapalı formatda təzyiqlər göstərilirdi. Buna baxmayaraq, ölkənin kursunu dəyişmək mümkün olmadı; bunu xalqın vahid mövqeyi və rəhbərliyin qətiyyəti təmin etdi. Prezident həmçinin qeyd etdi ki, müharibədən sonrakı illərdə iş dayanmadan həm diplomatik, həm hərbi müstəvidə davam etdirilib, 2022-ci ilin oktyabrında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması isə sonrakı addımlar üçün hüquqi əsası daha da möhkəmləndirib.

Ermənistanla münasibətlərin hazırkı vəziyyəti barədə söz açan dövlət başçısı bildirdi ki, tərəflər arasında silahlı qarşıdurma yoxdur, sərhəddə sakitlik hökm sürür, sülh sazişinin mətni paraflanıb, təmaslar qurulub və hətta ticarət əlaqələrinə start verilib. Lakin Prezident bir məqamı xüsusi qeyd etdi: xalqımızın tarixi təcrübəsi ayıqlıq tələb edir. Ona görə də Azərbaycan hər zaman qarşı tərəfdən xeyli güclü olmalı, keçmişdə baş vermiş hadisələri unutmamalı və bəzi xarici dairələrin yaratmağa çalışdığı süni obrazlara fikir verməməlidir.

Qurultayda partiyanın tarixi köklərinə də geniş toxunuldu. İlham Əliyev 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayını gələcək qələbələrin başlanğıcı hesab etdi və həmin dövrü ölkənin idarəolunmazlıq həddinə çatdığı, torpaqların ardıcıl itirildiyi, daxildə siyasi qarşıdurmanın dərinləşdiyi illər kimi səciyyələndirdi. Onun fikrincə, o vaxtkı hakimiyyətin zəifliyi və məsuliyyətsizliyi Qarabağda nəzarətin itirilməsinə, Şuşa, Laçın və daha sonra Kəlbəcərin işğalına gətirib çıxardı. Məhz belə bir şəraitdə xalq 1993-cü ilin oktyabrında Heydər Əliyevi Prezident seçərək taleyini ona etibar etdi. Dövlət başçısının xatırlatdığına görə, o zaman səkkiz milyonluq əhalinin bir milyonu qaçqın vəziyyətinə düşmüşdü, iqtisadiyyat iflic olmuş, inflyasiya min faizi ötmüş, xəzinə boşalmışdı. Buna baxmayaraq, ümummilli lider ölkəni parçalanma təhlükəsindən çıxardı, beynəlxalq təcriddən xilas etdi, “Əsrin kontraktı” ilə xarici investisiyaların axınına yol açdı, dövlətçiliyin əsaslarını möhkəmləndirdi. Prezident bu siyasi xəttin bu gün də dəyişməz qaldığını, onun əsasında müstəqilliyin, iqtisadi müstəqilliyin, güclü ordunun və öz imkanlarımızdan maksimum yararlanmaq prinsipinin dayandığını bildirdi.

Hazırkı çağırışlardan danışarkən dövlət başçısı birinci prioritet kimi hərbi qüdrətin artırılmasını göstərdi. Bunun iki səbəbi var: bir tərəfdən, tarixi təcrübə göstərir ki, etibar edilən tərəf zəiflik hiss etdikdə arxadan zərbə endirə bilər; digər tərəfdən, Şimalda, Cənubda və Yaxın Şərqdə müharibələr çoxalır, beynəlxalq hüquq isə real təsir mexanizmini böyük ölçüdə itirib. Ona görə Azərbaycan elə güc potensialı formalaşdırmalıdır ki, kiminsə ağlına təxribat ideyası gəlməsin. Bu yanaşmanın büdcəyə də təsiri açıq görünür: gələn ilin layihəsində müdafiə və təhlükəsizlik xərcləri üçün təxminən 9 milyard manat nəzərdə tutulub. Prezident bərpa işlərinin və sosial rifahın da diqqətdə olduğunu, lakin ölkə özünü qoruya bilmədiyi təqdirdə digər layihələrin mənasını itirəcəyini qeyd etdi. Onun sözlərinə görə, xalq bu gün az rast gəlinən əmin-amanlıq şəraitində yaşayır, risklər isə ölkədən kənarda formalaşır.

Çıxışın mühüm hissəsi ideoloji təhlükəsizliyə həsr olundu. Dövlət başçısı bu sahəni fiziki təhlükəsizlik qədər vacib saydı, çünki sərhədləri müasir texnologiyalarla qorumaq mümkün olsa da, informasiya təxribatı internetin, kiberhücumların və süni intellektin dövründə sərhəd tanımır. Qorunmanın əsas vasitələri kimi təhsil və vətənpərvərlik göstərildi: savadlı, düşüncəli vətəndaş yalan xəbərlərə, şayiələrə və zəhərli təbliğata daha az uyar, öz dövləti ilə fəxr edən insan isə ideoloji təsirlərə qarşı daha davamlı olar. İlham Əliyev partiya fəallarına tapşırdı ki, ideoloji işi şablonlardan və formal tədbirlərdən uzaqlaşdıraraq müasir səviyyəyə qaldırsınlar, ölkədə aparılan geniş quruculuğu və reallıqları cəmiyyətə, xüsusilə gənclərə çatdırsınlar. O, ayrıca diqqət çəkdi ki, bəzi ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən resursların əsas məqsədi xalqı çaşdırmaq, birliyi zəiflətmək və müstəqil siyasətdən döndərməkdir. Bu mübarizədə mərkəzi rolu isə məhz partiya üzvləri oynamalıdır.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min nəfər yaşayır, işləyir və təhsil alır, bu regionların inkişafına indiyədək 28 milyard manat ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər artıq məskunlaşıb. Prezident əmin olduğunu bildirdi ki, qarşıdakı illərdə bu proses daha sürətlə davam edəcək. Beləliklə, qurultaydakı nitq Zəfərin yaratdığı yeni reallıqda üç əsas məqsədi birləşdirdi: təhlükəsizliyi və müstəqil siyasəti qorumaq, iqtisadi sabitliyi sosial rifaha çevirmək və bərpa-quruculuq işlərini davam etdirmək. Partiya fəalları üçün isə çıxış həm konkret vəzifələr, həm də ideoloji sahədə fəallığa çağırışdır.