YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dahi şəxsiyyətin xilaskarlıq missiyası

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyev Prezident seçildi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli Liderin Prezident seçilməsindən sonra ölkəmizin həyatında yeni mərhələ başladı. Müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi.  Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir. Ümummilli Lider bildirmişdir: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Ölkəmiz özünün ən qürurlu dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin  bərpası, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, söydaşlarımızın dogma yurd-yuvalarına mərhələli şəkildə qayıdışı  uğurlu siyasətin məntiqi nəticələridir. 1993-cü ildən başlanan Heydər Əliyev yolu Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırır.

Bu gün  möhkəm təmələ əsaslanan son 23 ilin möhtəşəm, zəfər dolu  uğurlarından danışırıq. Ümummilli Lider 1 oktyabr 2003-cü il tarixli  müraciəti ilə Azərbaycanın bugünkü inkişafının əsasını qoydu. Cənab İlham Əliyev 23 ildə hər bir vədini reallığa çevirmək üçün səylər göstərdi, mühüm addımlar atdı. Dövlətimizin başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanıb. Fəaliyyəti ilə həm Prezident, həm də Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Sədri kimi Azərbaycanın dayanıqlı inkişafını təmin edir. Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. 23 ilin uğurlarının zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dayanır.

Ötən illərin reallıqları fonunda bu mühüm məqam bir daha öz təsdiqini tapdı ki, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub, bugünkü və gələcək inkişaf üçün möhkəm təməl formalaşıb. Azərbaycan bundan sonra da dayanıqlı inkişafı, zəfərləri ilə dünyanın  diqqətində olacaq.