Xəbərlər
Ağcabədidə Anım Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Vətən müharibəsində şəhidlərimizin qəhrəmanlığından, Azərbaycan Ordusunun tarixi Zəfərindən və xalqımızın milli həmrəyliyindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şöhrət Orucov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, “N” saylı hərbi hissənin komandir müavini, mayor Anar Səmədov, Birinci Qarabağ müharibəsi əlili və Vətən müharibəsi şəhidi Sahil Məmmədovun atası Ədalət Məmmədov, antiterror tədbirləri zamanı şəhid olmuş leytenant Röyal Məmmədovun həyat yoldaşı Qəmzə Məmmədova və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış ediblər.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən geniş bəhs edilib.
Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, həmçinin dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışılıb.
Qeyd olunub ki, Müzəffər Azərbaycan Ordusunun şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazanılan tarixi Zəfər 30 illik həsrətə son qoyub, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib.
