Xəbərlər
Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Sentyabrın 17-də cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi. Qeyd edək ki, son günlər Bakıda Türk Dövlətləri Təşkilatının bir neçə tədbiri keçirildi. Dövlətimizin başçısı İlham Əliyev qəbuldakı çıxışında diqqəti bu tədbirlərə yönəldərək bildirdi ki, Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbir keçirilir. Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.
Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Bu birlik işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın görünür. Xalqımız da bu birliyin önəmli parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasına öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərini siyasi, iqtisadi, müdafiə sahəsində davam etdirir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. TDT-yə üzv ölkələr arasında inteqrasiya, birliyə xidmət edən əlaqələr gücləndirilir. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər qurumun gələcək inkişaf trayektoriyasında mayak rolunu oynayır. Ölkəmizin Türk dünyası ölkələrinin birliyinə ən önəmli töhfəsi Orta Dəhliz layihəsidir. Türk Dövlətləri Təşkilatının gələcək inkişafına baxışlarının tam aydın olduğunu bildirən Prezident İlham Əliyev hər zaman bu əminliyi də ifadə edir ki, bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər göstərmək lazımdır.
Dövlətimizin başçısı İlham Əliyev yuxarıda qeyd etdiyimiz qəbulda da bu çağırışları səsləndirdi ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir: “Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.
Mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir. Xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir.
Ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir.
