Xəbərlər
Hikmət Hacıyev: Ermənistanın da Azərbaycan ərazilərini işğal etməsi müvəqqəti xarakter daşıyır
Ermənistan Azərbaycana qarşı müharibəyə başlamağa, gücdən istifadə edərək ölkəmizin ərazilərini işğal etməyə, zəbt olunmuş torpaqlarda kütləvi miqyasda etnik təmizləmə və digər ağır cinayətlər törətməyə görə məsuliyyət daşıyır. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda və digər ərazilərində Ermənistan tərəfindən özünə tabe qondarma rejim yaradılıb.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həlli üzrə aparılan danışıqlara baxmayaraq, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xaricdən insanların gətirilməsi ilə süni məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların mənşəyini dəyişdirməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verməməsi bir daha ona dəlalət edir ki, Ermənistanın məqsədi işğal olunmuş torpaqların ilhaq edilməsidir.
Beynəlxalq hüquqa görə gücdən istifadə edərək ərazi əldə olunması və ya dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Beynəlxalq hüququn imperativ normalarının kobud şəkildə pozulması nəticəsində yaranmış vəziyyət heç bir halda qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyə malik yeganə dövlətdir. Hər hansı digər hərbi işğal kimi, Ermənistanın da Azərbaycan ərazilərini işğal etməsi müvəqqəti xarakter daşıyır”.