Xəbərlər
YAP Tərtər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın iradəsindən doğan, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və ötən 33 il ərzində ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan siyasi təşkilata çevrilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya ölkənin inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə mühüm töhfələr verir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin inkişafında, milli həmrəyliyin möhkəmləndirilməsində və dövlətçilik ənənələrinin qorunmasında mühüm rolundan danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan davamlı inkişaf yolunda inamla irəliləyir.
Tədbirdə çıxış edən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəkir Nağıyev, rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Əzizə Kərimova, Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova, partiya veteranı Kərrar Bayramov və digərləri Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan bəhs edərək partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndiriblər.
Sonra yubiley yaşı tamam olmuş bir qrup YAP üzvünə hədiyyələr təqdim edilib, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən partiya üzvləri fəxri fərmanlarla təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
